4 may 2013 14:07
Tur de Azerbaijan: Yenə də 2-ci olduq
Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Tur deAzerbaijan” beynəlxalq velosiped turunun dördüncü mərhələsinə start verilib. Azerisport.az xəbər verir ki, yürüşün bu hissəsi Qəbələdən start götürüb.
Velosipedçilər İsmayıllını keçməklə Şamaxıya yürüş ediblər. Onlar 116 km məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 m hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçiblər.
Dördüncü günün qalibi Lüksemburqun “Leipard-Trek” klubunun üzvü Yan Hirt olub. Finiş xəttinə ikinci idmançı Azərbaycanın “Synergy Baku Cycling Project” klubunun velosipedçisi Connor Makkonvey gəlib. 3-cü isə İspaniya yığmasının heyətindən Fernandes Rubio olub.
Qeyd edək ki, 5 mərhələdən ibarət velotur sabah başa çatacaq. 146 km uzunluğu olan mərhələ Azadlıq meydanından başlayaraq, Bakının mərkəzi küçələri və prospektlərindən keçərək, Hökumət Evinin qarşısında başa çatacaq.
Qeyd edək ki, yarışın ilk günündə “Synergy Baku Cycling Project” klubunun üzvü Kristof Şvaytser birinci olmuşdu. İkinci gündə təmsilçilərimizdən Aleksandr Surutkoviç ikinci olub. Üçüncü mərhələdə isə “Synergy Baku Cycling Project”nın klubunun üzvü Kristof Şvaytser 3-cü yerlə kifayətlənmişdi.
