30 aprel 2013 19:43
Tour de Azerbaijan beynəlxalq velosiped turunun açılış mərasimi keçirildi
Aprelin 30-da ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “TOUR D`AZERBAIDJAN” beynəlxalq velosiped turunun açılış mərasimi və komandaların təqdimatı keçirilib. Azerisport.az xəbər verir ki, Dənizkənarı Milli Parkda baş tutan mərasimdə çıxış edən Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədov veloturun iştirakçılarını salamlayıb, Azərbaycan paytaxtının artıq mühüm bir idman mərkəzinə çevrildiyini, burada hər il çoxlu sayda müxtəlif beynəlxalq yarışların keçirildiyini söyləyib.
Federasiya prezidenti qeyd edib ki, bu gün Azərbaycan dünya ölkələri sırasında təkcə öz iqtisadi uğurları ilə deyil, həm də idman sahəsində göstəriyi nailiyyətlərlə tanınmaqdadı. Ölkə prezidenti, cənab İlham Əliyev ölkəmizdə idman və bədən tərbiyəsinin inkişafına böyük diqqət və qayğı göstərir. Paytaxtda və regionlarda müxtəlif idman qurğuları, Olimpiya kompleksləri tikilib istifadəyə verilir, gənclərin idmana cəlb edilməsi üçün məqsədyönlü işlər aparılır.
Qeyd edilib ki, ölkəmiz artıq ikinci ildir ki, beynəlxalq kateqoriyalı velosiped yürüşlərini qəbul edir. Bu il təşkil edilən “TOUR d’AZERBAIDJAN” Bakı şəhərində start götürəcək, ölkənin tarixi və mənzərəli landşaftları ilə zəngin olan yeddi rayonunun ərazisində keçiriləcək. F.Məmmədov veloturun böyük bir idman bayramı olmaqla yanaşı, ölkəmizdə velosiped idmanının inkişafına yeni bir təkan verəcəyini söyləyib.
Federasiya prezidenti velotur iştirakçılarına qələbə sevinci arzulayıb. Açılış mərasimində Gənclər və idman naziri Azad Rəhimov, eləcə də Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki (Patrick Hickey) çıxış ediblər.
Sonra “TOUR d’AZERBAIDJAN”da iştirak edəcək komandaların təqdimatı keçirilib. Təmsil etdikləri ölkələrin dövlət bayraqları altında meydana daxil olan komandalar və onların üzvləri ictimaiyyətə təqdim edilib. Veloturda ümumilikdə 24 komanda çıxış edəcək ki, bunların da 17-si kontinental, 5-i milli komandalardır. Hər komandanın tərkibində 6 velosipedçi yarışacaq. Bütövlükdə velotura 41 ölkədən velosipedçi qatılır.
Açılış mərasimində Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, Beynəlxalq Velosipedçilər İttifaqının, ölkəmizin müxtəlif idman federasiyalarının nümayəndələri, velosiped idmanı həvəskarları iştirak ediblər.
Sonra tədbir geniş konsert proqramı ilə davam edib. Əvvəlcə Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin, sonra populyar türk müğənnisi Mustafa Cecelinin canlı çıxışları, sonra Azərbaycan incəsənət ustalarının ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konserti olub.
“TOUR D`AZERBAIDJAN” beynəlxalq velosiped turu haqqında qısa informasiya:
2013-ci il may ayının 1-dən 5-dək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş, Bakı şəhəri, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonlarının ərazisindən keçməklə 5 mərhələdən ibarət olan beynəlxalq velosiped turu keçirilir. Tour d’Azerbaïdjan – UCI Europe Tour çərçivəsində 2.2. kateqoriyası üzrə velosiped yarışıdır.
Velosiped turu may ayının 1-də Heydər Əliyev Mərkəzinin qarşısında start götürəcək, Heydər Əliyev Mərkəzi – metronun “Koroğlu” stansiyası – Heydər Əliyev Mərkəzi marşrutu üzrə ümumi uzunluğu 157 km olan 11 dəfə dövrə vurmaqla başa çatacaq.
Turun ikinci mərhələsi may ayının 2-də Bakı şəhərində Şıx çimərliyi ilə üzbəüz ərazidəki, yenidən qurulmuş müasir velosiped parkından start götürərək “Bakı – Abşeron – Qobustan – Şamaxı – İsmayıllı” marşrutu üzrə keçiriləcək və velosipedçilər 183 kilometr məsafə qət etdikdən sonra İsmayıllı şəhərində finiş xəttini keçəcəklər.
Üçüncü mərhələ mayın 3-də “Qəbələ – Oğuz – Şəki – Oğuz – Qəbələ” marşrutu üzrə (165 kilometr) keçiriləcək.
Dördüncü mərhələ mayın 4-də “Qəbələ – Şamaxı” marşrutunda davam edəcək. Velosipedçilər 116 kilometr məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 metr hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər.
Beşinci – sonuncu mərhələ isə mayın 5-də Azadlıq meydanından start götürərək, Bakı şəhərinin mərkəzi küçələri ilə 144 kilometr məsafədə 12 dəfə dövrə vurmaqla yekunlaşdırılacaqdır.
“TOUR D`AZERBAIDJAN” beynəlxalq velosiped turunda aşağıdakı komandalar iştirak edir.
Synergy Baku Cycling Project AZE Continental
Team Vorarlberg AUT Continental
Rabobank Development Team NED Continental
Efapel – Glassdrive POR Continental
Atlas Personal - Jakroo SUI Continental
Torku Sekerspor TUR Continental
J. Jensen – Ramirent DEN Continental
Leopard - Trek Continental Team LUX Continental
Rad-net Rose Team GER Continental
Polygon Sweet Nice IRL Continental
ISD Continental Team UKR Continental
Alpha Baltic - Unitymarathons.com LAT Continental
Helicopters RUS Continental
Velo Club Sovac ALG Continental
Start - Trigon Cycling Team PAR Continental
Bridgestone Anchor JPN Continental
Continental Team Astana KAZ Continental
Lotto - Belisol U23 BEL Clubteam
Centre Mondial du Cyclisme SUI Clubteam
National Team Australia AUS National Team
National Team Spain ESP National Team
National Team Belarus BLR National Team
National Team Moldova MDA National Team
National Team Lithuania LTU National Team
Beynəlxalq velosiped turunun yerli və xarici kütləvi informasiya vasitələrində, o cümlədən Eurosport, Eurosport-2 və digər televiziya kanalları vasitəsilə geniş işıqlandırılması nəzərdə tutulur. Bu məqsədlə ölkəmizə həmin kanalların 40-da yuxarı əməkdaşı ezam olunub.
