20 noyabr 2011 16:32
Azərbaycan millisinin uğursuz çıxışı davam edir (YENİLƏNİB)
Bu gün Hollandiyanın Amsterdam şəhərində cüdo üzrə Qran-Pri yarışlarında növbəti görüşlər keçirilib. Azerisport.az xəbər verir ki, yarışda qüvvəsini sınayan Azərbaycan millisi ikinci gündə üç cüdoçu ilə təmsil olunub.
81 kq-da çıxış edən Elxan Rəcəblinin startdakı rəqibi hollandiyalı Henri Şoeman olub. Təmsilçimiz bu dueldən qələbəylə ayrılıb. Rəcəblinin növbəti rəqibi fransalı Alen Şmitt idi. Elxan bu rəqibinə uduzaraq mübarizəni dayandırmalı olub.
Çəkisi 100 kq-dək olan cüdoçuların yarışında Elmar Qasımov fransalı Sirilla Mareni məğlub etməliydi. Lakin təəssüf ki, o, elə ilk döyüşündəcə məğlub olaraq yarışla erkən vidalaşıb.
Çəkisi 100 kq-dan artıq olan cüdoçuların mübarizəsində isə Emil Tahirov Macarıstan idmançısı Barna Borla üz-üzə gəlib. Amma bu idmançımız da startdaca uduzub.
Qeyd edək ki, ilk gündə ölkəmiz yalnız Kifayət Qasımova ilə təmsil olunsa da, o, elə startdaca uduzmuşdu. Turnir nokaut sistemi ilə keçirilir. Amsterdamda hər qalib 200 reytinq xalı qazanacaq. Yarışın mükafat fondu isə 200 min dollardı.
