28 may 2011 17:43
Yığmamız ilk günü medalsız başa vurdu (YENİLƏNİB)
Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan millisinin də çıxış etdiyi cüdo üzrə Qran Şlem turnirinə start verilib. Azerisport.az xəbər verir ki, yarışın ilk günündə 3 idmançımız qızıl medal qazanmaq şansını sınayıb.
Qeyd edək ki, bütövlükdə yığma komandanın baş məşqçisi Ağayar Axundzadənin rəhbərliyi altında sözügedən yarışa yollanan idmançılarımızın sayı altı idi: Nicat Şıxəlizadə (60 kq), Tərlan Kərimov (66 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq). Lakin son anda Yusubova zədələndiyi üçün sözügedən turnirdə iştirak etməsi mümkünsüz olub.
İlk gündə mübarizəyə başlayan idmançılarımızdan biri Nicat Şıxəlizadə idi. O, startda İsveçrə təmsilçisi Mixael İtenu ilə mübarizədən qalib ayrılıb. Özü də ipponla. Təmsilçimiz monqolustanlı Boldbatar Qanbata da eyni aqibəti yaşadıb. Lakin 1/8 finalda idmançımızı braziliyalı Felipe Kitadai ilə dueldə ipponla uduzub.
66 kq-da yarışa qoşulan Tərlan Kərimov isə ilkin mərhələdə istirahət edəcək və Niko-Tapelo Niemila (Finlandiya) – Azamat Mukanov (Qazaxıstan) cütünün qalibini gözləyirdi ki, həmyerlimizə birinci rəqib olub. Amma Kərimov onu asanlıqla yolundan kənarlaşdıra bilib. Növbəti mərhələdə Tərlana da braziliyalı idmançını - Leandro Kunyeni mübarizədən kənarlaşdırma lazım idi. Amma Kərimov bunu bacarmayıb.
Turnirin ilk günündə şansını sınayacaq idmançılarımızdan sonuncusu isə xanım təmsilçilərimizdən biri – Kifayət Qasımova idi. 57 kq-da mübarizə aparan həmyerlimiz ilkin mərhələdə serbiyalı Yovanoy Roqiçi yolundan kənarlaşdırıb. Növbəti mərhələdə Braziliya təmsilçisi Rafaela Silvanı da yolundan kənarlaşdıran Qasımova 1/4 finala adlayıb. Bu mərhələdə idmançımızı yerli cüdoçulardan İrina Zabludina ilə duel gözləyirdi. Amma Qasımıva bu görüşdə məğlubiyyətlə üzləşib və beşinci yeri tutub.
Sonda onu da qeyd edək ki, sözügedən turnir nokaut sistemiylə keçirilir və yarımfinalda uduzan idmançılar birbaşa bürünc medal qazanacaq. Həm də qaliblər 300 reytinq xalı qazanmış olacaq. Turnirin mükafat fondu isə 150 min dollardı.
