13 dekabr 2010 14:36
Cüdoçularımızın “Böyük dəbilqə” uğrunda mübarizəsi başa çatdı
Azərbaycan cüdoçuları Yaponiyanın paytaxtı Tokioda təşkil olunan “Böyük dəbilqə” turnirindəki çıxışlarını başa vurublar. Azerisport.az xəbər verir ki, bu gün tatamiyə çıxan son təmsilçimiz Elmar Qasımov da uğur qazana bilməyib.
100 kq çəki dərəcəsində mübarizə aparan Qasımov ilk döyüşündə Kuba idmançısı Oreydi Despayneyə qalib gəlsə də, növbəti qarşılaşmada özbəkistanlı Utkir Kurbanova uduzub. Nəticədə Elmar yarışda 9-cu yeri tutub. O, bu nəticəylə 2012-ci il London Yay Olimpiya Oyunlarına sadəcə 36 lisenziya xalı əldə edə bilib.
Qeyd edək ki, bütövlükdə cüdoçularımızdan Kifayət Qasımova (57 kq) bürünc medal və 120 xal qazanıb. Elxan Məmmədov (90 kq) 5-ci yer və 60 xalla, Ramilə Yusubova (63 kq) isə 9-cu yer və 36 xalla kifayətlənib.
