Tokiyoda dünya çempionatının 3-cü günündə tatamiyə üç azərbaycanlı cüdoçu çıxdı. Azerisport.az xəbər verir ki, 63 kq çəki dərəcəsində Ramilə Yusubova mübarizəyə başladı. İdmançımız ardıcıl olaraq Diana Velasko (Kolumbiya), Klaudia Malzax (Almaniya), Svetlana Çepurinaya qalib gələrək 1/4 finala keçdi. Burada isə o yaponiyalı Miki Tanaka qalib gələ bilmədi. Bununla belə Yusubova "bürünc" uğrunda mübarizəyə qoşuldu. İlk təsəlli görüşdə o İzrail təmsilçisi Yarden Qerbi ilə qarşılaşaraq, onu cəmi 12 saniyəyə məğlub etdi. Bürünc medal uğrunda son görüşdə isə o Hollandiyadan olan Anika van Emdenlə üz-üzə gəldi. Və növbəti dəfə Ramilə özünü ən yaxşı tərəfdən göstərərək, rəqibə heç bir fersət vermədi. Nəticədə, Yusubova Azərbaycana bürünc medal gətirir.
Öz növbəsində əvvəllər Ukraynanın şərəfini qoruyan 2001-ci ilin Avropa çempionu Renat Mirzəliyev (73 kq) yığmamızın heyətində debüt etdi. İlk görüşdə o Əfqanıstan cüdoçusu Sayed Hüseyn Hüssaini ilə qarşılaşaraq, artıq 16-cı saniyədə ippon fəndini keçirərək ona qalib gəldi. Bundan sonra o fransalı Bencamin Derbele ilə qarşılaşdı. Rəqib qadağan edilmiş fənd keçirdi və buna görə hakimlər qələbəni idmançımıza yazdırdı. Növbəti mərhələdə Mirzəliyev Portuqaliya təmsilçisi Joao Pinya ilə üz-üzə gəldi. Lakin özünü yaxşı tərəfdən göstərə bilməyən idmançımız, rəqibə məğlub oldu.
Həmçinin mübarizəyə ötən DÇ-nin bürünc medalçısı Kifayət Qasımova (57 kq) mübarizəyə qoşuldu. Zədədən yenicə sağalmış idmançımızın Tokiyoda bəxti gətirmədi. Artıq ilk görüşdə o monqolustalı Battuqa Tumen-Oda məğlub olaraq, mübarizəni dəyandırdı.
Çempionatının reqlamentinə gəldikdə isə, yalnız 1/4 finala qədər yüksəlmiş idmançılar "bürünc" uğrunda mübarizə apara bilər. Həmçinin qalib olan 500 reytinq xalını qazanır.
Xatırladaq ki, dünən komandamız Tokiyoda ilk uğurunu əldə etdi – Elxan Məmmədov (90 kq) bürünc medal qazandı.