20 aprel 2015 18:00

Fəxriyar Cabbarov: Şəmkir turniri Vüqar Həşimovun adına layiq keçirilir

Shamkir Chess 2015 turnirinin təşkilat komitəsinin sədri və Synergy Group ASC İdarə Heyəti Sədrinin 1-ci müavini Fəxriyar Cabbarov yarışın rəsmi saytına müsahibə verib. Azerisport.az həmin müsahibəni təqdim edir.

- Shamkir Chess 2015 turniri növbəti dəfə ulduz şahmatçıları Azərbaycana gətirdi. Bu dəfəki yarış ötən ildən necə fərqlənəcək?
- “Shamkir Chess 2015” keçən il olduğu kimi bu il də Synergy Group tərəfindən təşkil olunur. Bu turnir Azərbaycanda intellektual oyunların və şahmatın inkişafına tövhə verdiyi ən mötəbər tədbirlərdəndir. Biz bu dəfə də ötən ilki yüksək səviyyənin təkrar olunmasına əminik. Ötən il ilk dəfə keçirilən superturnir məşhur yarışlarla müqayisə olundu. Fikrimizcə, bu dəfə daha maraqlı mübarizə olacaq. Azərbaycanda ilk dəfə şahmat üzrə 3 dünya çempionu eyni turnirdə yarışacaq. Hazırki dünya çempionu Maqnus Karlsen, sabiq çempionlar Vişvanatan Anandla Vladimir Kramnikin mübarizəsi bütün şahmatsevərlərin diqqət mərkəzində olacaq. Son şahmat tacı uğrunda mübarizədə Karlsenlə Anandın görüşü bütün dünyada maraqla qarşılandı. Onların növbəti qarşılaşması məhz Şəmkirdə baş tutdu. Eyni zamanda digər məşhur şahmatçılardan olan maraqlı gözləntilərimizi də unutmaq olmaz. Ümumiyyətlə, 10 günlük turnir sadəcə, bir oyun və mübarizə olmayacaq. Aparıcı şahmat ulduzlarının burada iştirakı Azərbaycanı və Şəmkiri dünyanın şahmat mərkəzinə çevirəcək.

- Qeyd etdiyiniz kimi, Şəmkir artıq dünya şahmatının mərkəzlərindən birinə çevrilir. Linares, Veyk-An-Zee kimi ShamkirChess turnirinin davamlı olacağı planlaşdırılırmı?
- Synergy Group öz Korporativ Sosial Məsuliyyət siyəsətinin tərkib hissəsi olaraq ölkədə təhsilin və idmanın inkişafına da böyük dəstək göstərir. Xatırladığınız kimi, ötən il mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2014 şahmat turniri ölkəmizdə, eləcə də Avropada, dünyanın bir sıra ölkələrində böyük maraqla qarşılandı. Dünya mətbuatının bir sıra aparıcı TV, qəzet və saytları bu turnirdən reportajlar hazırladı. Şahmatsevərlər şahmat aləmində yeni nüfuzlu turnirin yarandığını xüsusilə qeyd etdi. Biz istedadlı şahmatçımız Vüqar Həşimovun adına layiqli turnir keçirdik. Əminliklə qeyd edə bilərəm ki, bu il də belə olacaq. Gələcək illər barədə indidən qəti fikir söyləmək çətindir. Hazırda bizim əsas məqsədimi Shamkir Chess 2015-i yüksək səviyyədə təşkil etməkdir.

- Bu dəfə 3 dünya çempionu yarışda iştirak edəcək. Təşkilatçılar üçün belə titullu idmançıları qəbul etmək çətin deyil?
- Turnirin iştirakçılarına fikir verin. Şəmkir turnirində zəif şahmatçı yoxdur. Vüqar Həşimovun xatirəsinə həsr olunan turnirdə ulduz qrossmeysterlər çıxış edir. Bu turnirin səviyyəsindən xəbər verir. Ötən il yarış ilk dəfə keçirilən zaman qonaq şahmatçılar Shamkir Chess-in necə olacağından xəbərsiz idi. Bu dəfə isə müraciət etdiyimiz şahmatçılar böyük məmnuniyyətlə razılıq verdi. Maqnus Karlsen hazırkı dünya çempionudur. Vladimir Kramnik və Vişvanatan Anand sabiq çempionlardır. Fabiano Karuana hazırda şahmat tacına ən iddialı qrossmeyster hesab edilir. Onun partiyaları çox maraqla qarşılanır. Uesli So son dövrlərin ən gənc və böyük ümid bəslənilən şahmatçısıdır. Aniş Giri, Maksim Vaşye-Laqrav özünəməxsus oyun üslubuyla seçilir. Bizim Şəhriyar Məmmədyarov dünyanın aparıcı şahmatçılarından biridir. Rauf Məmmədov isə ölkə çempionatının son qalibi kimi bu yarışda iştirak etmək hüququ qazanıb. Raufun yarışda iştirakı həm də digər yerli şahmatçılar üçün böyük stimuldur. Gələcəkdə də Azərbaycan çempionatının qalibi olacaq şahmatçının Şəmkirə dəvət alacağı planlaşdırılır. Belə titullu şahmatçıları dəvət etmək çətin olmadı. Çünki, artıq Şəmkir turnirinin şahmat aləmində öz çəkisi var. 

- Azərbaycanlı şahmatçılar - Şəhriyar Məmmədyarovla Rauf Məmmədovdan hansı nəticəni gözləyirsiniz?
- Biz hər zaman şahmatçılarımıza inanırıq. Məmmədyarovla Məmmədov Azərbaycan yığmasının heyətində iki dəfə Avropa çempionu olub. Bir sıra beynəlxalq turnirlərin qalibidir. Ümid edirəm ki, Şəmkirdə layiqli mübarizə sərgiləyəcək. Rauf Məmmədov üçün bu çox ciddi sınaq olacaq. O, güclü şahmatçılara qarşı yarışacaq. Şəhriyar Məmmədyarova gəldikdə, ötən il onun oyunu alınmadı. İnanıram ki, bu dəfə ötən ilki çıxışının təsadüfi olduğunu sübut edəcək. 

- Sizcə, qalib yenə Maqnus Karlsen olacaq, yoxsa bu dəfə turnir fərqli nəticəylə yekunlaşacaq?
- Əvvəlcədən nəticə barədə danışmaq çətindir. Son turlarda güzəştsiz mübarizə izləyəcəyik. Şəmkirə gələn şahmatçılar özlərini sübut etmiş qrossmeysterlərdir. Karlsen barədə danışdıqda digər güclü şahmatçıları unutmaq olmaz. Eləcə də Kramnik və Anandı siyahıdan silmək düzgün deyil. Mən İtaliya təmsilçisi Fabiano Karuananı yarışın favoriti hesab edirəm. O, güclü şahmatçıdır. Son dövrlər göstərdiyi nəticələr böyük potensialın sahibi olduğunu təsdiqləyir. 

- Shamkir Chess turniri ölkənin idman imicinin möhkəmlənməsinə dəstək olur. Synergy Group olaraq idmanla bağlı gələcəkdə daha hansı layihələri həyata keçirəcəksiniz?
- Sirr deyil ki, Azərbaycanda idmanın bütün növləti inkişaf etməkdədir. Synergy Group olaraq biz davamlı gələcəyə doğru hər zaman peşəkar və sistematik addımlar atırıq və cəmiyyətin inkişafına tövhə veririk. İndiyə qədər velosiped idmanı üzrə "Tur de Azərbaycan" beynəlxalq yürüşünü təşkil etmişik. Eyni zamanda "Synergy Baku Cycling Project" adlı komandamıza dəstək oluruq. Ardıcıl ikinci il Şəmkirdə beynəlxalq şahmat turniri keçiririk. Bu işlər davam olacaq. “Davamlı gələcəyə doğru” şuarı ilə biz hər zaman Azərbaycan idmanının inkişafı istiqamətində çalışacağıq.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.