2 aprel 2014 14:33

Şəhriyar Məmmədyarov: Kramnikə məğlubiyyət olmasaydı, iddiaçılar turniri mənim üçün daha yaxşı nəticə ilə başa çatacaqdı

Şahmatçımız Şəhriyar Məmmədyarov azerisport.az saytına müsahibəsində Xantı-Mansiyskdə keçirilmiş iddiaçılar turnirindən, Kramnikə məğlubiyyətdən danışıb:

- İddiaçılar turnirini 3-5-ci yerlərdə başa vurdun. Çıxışını necə qiymətləndirirsən?
- Xantı-Mansiyskdə təşkil edilmiş mötəbər yarışda dünyanın ən güclü 8 şahmatçısı iştirak edirdi. İlk 3 turdakı uğursuzluğu nəzərə almasaq, çıxışım yaxşı alındı. Əlbəttə, buna super nəticə demək olmaz. Səfərə qələbə üçün getmişdim, yekunda isə 3-cü oldum. Start uğursuz oldu. Çoxlu sayda səhvlərə yol verməyim, mənə baha başa gəldi. İlk istirahət günündən sonra özümə gəldim və artıq nəticə qazanmağa başladım. Sona yaxın - 7-ci turda artıq 1-ci yerə şansımın olmadığını başa düşdüm. Kramnikə məğlubiyyətdən sonra müəyyən mənada, qalib olmayacağımla barışdım.

- Həmin partiyada üstünlüyün var idi...
- Kramniklə 7-ci turdakı partiyada qələbə qazanmağa çalışırdım. İstənilən vaxt heç-heçə edə bilərdim. Amma qələbə istəyirdim. Səhvə yol verdim və nəticədə uduzdum. Müəyyən mənada, bəxtim də gətirmədi. Kramnikə məğlubiyyət məni həm də həvəsdən saldı. İlk pilləyə şansım çox azaldı. Karyakinlə 12-ci turdakı partiyada dönüş etmək istədim. Anlayırdım ki, qələbə qazansam belə, artıq 1-ci yerə şansım demək olar ki, yox idi. 

- Məmmədyarov çıxışından razı qaldı?
- Düzünü deyim ki, yarışa yaxşı hazırlaşmışdım. Azərbaycan mənim üçün hər cür şəraiti yaratdı. Yığmadakı komanda yoldaşlarım, eyni zamanda, kapitanımız Aleksandr Xalifmanın daxil olduğu komandam var idi. Hazırlıq yaxşı keçdi. Əgər 8 güclü şahmatçının yarışında 3-cü oldumsa, üstəlik reytinqimi artırdımsa, naraza ola bilmərəm. Reytinqim artdı. Sadəcə, turnirdə qələbə qazanmaq tam başqa hissdir. Onu bacarmadım.

- Startdakı uğursuzluğa səbəb nə idi?
- Son 4 ayda heç bir yarışda iştirak etməmişdim. Bu, çox pis idi. Özüm də anlayırdım. İki il əvvəl Kazandakı iddiaçılar turnirində də həmin hadisə olmuşdu. Təcrübə olmadan çətindir. Əlbəttə, yoldaşlıq görüşləri keçirirdim. Məşqdə müəyyən partiyalar oynayırdıq. Amma turnir başqadır. Həmin həyəcan və məsuliyyət olmur.

- Niyə iki dəfə eyni səhvi təkrarladın? Axı Kazanda da 4-5 ay yarış ərəfəsində oynamadın. İndi yenə heç bir yarışda iştirak etmədin...
- Düzünü deyim ki, heç bir yarışdan dəvət almadım. Əgər heç bir güclü yarışdan dəvət almıramsa, necə oynaya bilərəm? Hər hansı bir turnirdən dəvət alsaydım, böyük həvəslə iştirak edəcəkdim. Lakin reytinqli turnirlərdən dəvət olmadı. Yalnız "Open" xarakterli yarışlara qatılmağım mümkün idi. Bunu istəmədim. Fikrimcə, iddiaçılar turnirinə hazırlaşan şahmatçının açıq xarakterli turnirlərdə nisbətən zəif şahmatçılarla qarşılaşması düzgün deyil.

- Bəziləri deyir ki, Xantı-Mansiyskdəki turnirin heyəti ötən il Londonda keçirilən iddiaçılar turnirinin iştirakçılarından zəif idi...
- Ümumi orta reytinq Londonda yüksək idi. Amma Xantı-Mansiyskdə bütün şahmatçılar əla formada idi. Orada oynanılan gedişlər, debütlər maraqlı idi. Bu yarışa hamı hazırlıqlı gəlmişdi. Xüsusilə, Anandı qeyd etmək istərdim. Anand super oyunlar sərgilədi. Karyerasının ən yaxşı vaxtlarında olduğu kimi, hamıdan üstün oynadı. Yalnız bir partiyada müəyyən mənada Karyakin ona çətinlik yaratdı. Vişvanatan Anandın güclü şahmatçı olması sirr deyil. Sadəcə, iddiaçılar turnirini belə yüksək səviyyədə keçirməsi, yaxşı vaxtlarının arxada qalmamasını göstərdi.

- Anandın Maqnus Karlsenə qarşı şansı var?
- Əgər iddiaçılar turnirində oynadığı kimi mübarizə aparsa, Karlsenə asan olmayacaq. Amma nəzərə alaq ki, çempionluq görüşünə bir neçə ay var. Həmin oyunda Anandın hansı formada olacağı məlum deyil. Bu, hazırlıqdan asılıdır. İndi Anand super səviyyədədir. İstənilən halda, bizi super çempionluq matçı gözləyir. 

- Son mətbuat konfransında Kramniklə maraqlı dialoq alındı. Rus şahmatçı soruşdu ki, Şəhriyar, nə vaxt dünya çempionu olacaqsan?
- Çempion olmaq hər bir şahmatçının arzusudur. Bu hədəf uğrunda mübarizəni davam etdirirəm. Bu dəfə alınmadı. Səhvlərdən nəticə çıxaracam. Boris Gelfand kimi usta şahmatçı 44 yaşında çempionluq matçında oynamaq imkanı qazanıb. Mənim vaxtım var ki, hədəfə çatım. Şahmat tacını Bakıya gətirmək ən böyük arzumdur. 

- Aprelin sonunda Şəmkirdə mərhum şahmatçı Vüqar Həşimovun xatirə turniri keçiriləcək. Səndə yorğunluq hiss olunmayacaq?
- Vüqar Həşimovun xatirə turnirinin səviyyəsi iddiaçılar turnirindən geri qalmır. Şəmkirdə ən güclü şahmatçılar mübarizə aparacaq. Maqnus Karlsenin də yarışda iştirakı, turnirə marağı artırır. Düzünü deyim ki, Şəmkirə sadəcə iştirak üçün deyil, qalib gəlmək üçün yollanacağam. Vüqarın xatirəsinə həsr edilən ilk yarışda qalib gəlmək çox yaxşı olardı. Bunun üçün mübarizə aparacağam.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.