3 sentyabr 2012 21:00
Azərbaycan Xorvatiyanı yenib, Ukraynaya məğlub oldu (YENİLƏNİB)
Türkiyənin İstanbul şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadası davam edir. Azerisport.az xəbər verir ki, bu gün altıncı turun oyunları keçirilib.
Azərbaycanın kişilərdən ibarət yığması altıncı görüşündə Xorvatiya ilə üz-üzə gəlib. Baş məşqçi Vladimir Tukmakov bu dəfə Teymur Rəcəbov, Eltac Səfərli, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov "dördlüyü"nü döyüşə atıb. Teymurla Şəhriyar görüşlərini qalib başa vurublar. Eltacla Rauf isə rəqibləri ilə xalları yarı bölüblər. Beləcə, yığmamız 3:1 hesabıyla xorvatlara qalib gəlib.
Qadınlardan ibarət yığmamız isə bu tur Ukrayna ilə qarşılaşıb. Zərif cinsin nümayəndələrindən olan zəka sahiblərimiz - Zeynəb Məmmədyarova, Gülnar Məmmədova, Türkan Məmmədyarova və Xəyalə İsgəndərova qələbə qazanmağa çalışsalar da, istəklərinə nail ola bilməyiblər. Yalnız Gülnarın rəqibi ilə heç-heçə etməsi digər şahmatçılarımızın məğlubiyyətini sığortalamayıb və komandamız 0,5:3,5 hesablı yenilgi ilə üzləşib.
Qeyd edək ki, hazırda kişilərdən ibarət yığmamız 11 xalla 3-cü pillədədi. Qızlarımız isə 8 xalla 21-ci yerdə gedir.
