1 sentyabr 2012 23:00
Azərbaycan Monqolustan və Kanada üzərində qələbəyə sevindi (YENİLƏNİB)
Türkiyənin İstanbul şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadası davam edir. Azerisport.az xəbər verir ki, bu gün beşinci turun oyunları keçirilib.
Azərbaycanın kişilərdən ibarət yığması beşinci görüşünü Kanadaya qarşı keçirib. Baş məşqçi Vladimir Tukmakov bu görüşdə Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Qədir Hüseynov dördlüyünə güvənib. Teymir, Şəhriyar və Rauf qalib gəldiyi halda, Qədir xal bölgüsünə razılaşıb. Nəticədə, millimiz 3,5:0,5 hesablı qələbəyə sevinib.
Qadınlardan ibarət yığmamız isə bu tur Monqolustan ilə qarşılaşıb. Qızlarımızdan Zeynəb Məmmədyarova, Gülnar Məmmədova, Türkan Məmmədyarova və Nərgiz Umudova komandamıza qələbə qazandırmağa çalışacaq. Xanım zəka sahiblərimizdən Zeynəb heç-heçə etdiyi halda, Gülnar, Türkan və Nərgiz rəqiblərini məğlub edib. Beləcə, qadınlardan ibarət yığmamız da Monqolustanı 3,5:0,5 hesabıyla məğlub edib.
Hazırda kişilərdən ibarət yığmamız 9 xalla 3-cü pillədədi. Qızlarımız isə 8 xalla 10-cu yerdə gedir.
