22 fevral 2012 00:11
Azərbaycan və Rusiya yığmaları Bakıda qarşılaşa bilər
Rusiya Şahmat Federasiyasının İdarə Heyətinin sədri İlya Levitov bildirib ki, Rusiya və Azərbaycanın kişi şahmatçılardan ibarət yığma komandaları arasında vaxtı dəyişdirilmiş matç Bakıda keçirilə bilər. Azerisport.az Rusiya mətbuatına istinadla bildirir ki, həmin matç ləğv edilməyib.
Sadəcə olaraq, o vaxt iki aparıcı şahmatçısı xəstələnmiş Azərbaycan komandasının xahişi ilə matçın vaxtı dəyişdirilib. İ. Levitov bununla bağlı açıqlamasında bildirib: “Biz bu matçı hökmən keçirəcəyik. Özü də həmkarlarımız bu görüşün onların ölkəsində keçirilməsi təşəbbüsü ilə çıxış ediblər”.
İ. Levitov matçın keçiriləcəyi vaxt məsələsinə də toxunub: “Hazırda bu barədə danışmaq çətindi. Lakin əlbəttə, biz istərdik ki, avqust ayında keçiriləcək şahmat Olimpiadasına qədər həmin görüş baş tutsun”.
