21 iyul 2011 17:51
Millimiz DÇ-də ikinci yenilgisini aldı
Çinin Ninqbo şəhərində keçirilən şahmat üzrə kişilər arasında dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, bu gün turnirdə beşinci turun oyunları keçirilib.
Azərbaycan milli komandası hesabat turunu məğlubiyyətlə başa vurub. Yığmamız Ukrayna ilə bacarmayıb.
Qeyd edək ki, millimiz Ukrayna ilə duelə dünən Rusiya üzərində qələbə qazanmış heyətlə çıxıb. Teymur Rəcəbov Vasili İvançuk, Vüqar Həşimov Pavel Elyanov, Şəhriyar Məmmədyarov isə Zaxar Yefimenko ilə dueldən sülhlə aydıldığından ümid Qədir Hüseynova qalmışdı. Lakin o, Moisenko ilə dueldən məğlub ayrılıb və komandamız yekun nəticədə ikinci yenilgisinə üzülüb.
Qeyd edək ki, Azərbaycan millisi ilk turda Çinlə heç-heçə etdiyi (2:2) halda, ikinci turda Hindistana 3:1 hesabıyla qalib gəlmişdi. Üçüncü turda isə komandamız Macarıstana uduzmuşdu. Son turda Rusiya üzərindəki 3:1 hesablı qələbənin ardından millimiz yenə məğlubiyyətlə barışıb.
AZƏRBAYCAN – UKRAYNA - 1,5:2,5
Teymur Rəcəbov – Vasili İvançuk - 0,5:0,5
Vüqar Həşimov – Pavel Elyanov - 0,5:0,5
Şəhriyar Məmmədyarov – Zaxar Yefimenko - 0,5:0,5
Qədir Hüseynov – Aleksandr Moisenko - 0:1
