7 aprel 2011 16:08
Dünya və Avropa çempionatına gedəcək təmsilçilərimiz müəyyənləşdi
Respublika Şahmat mərkəzində 14-16-18 yaşadək yeniyetmə və gənclər arasında Azərbaycan Çempionatı yekunlaşıb. Azerisport.az xəbər verir ki, 11 turdan ibarət olaraq dairəvi sistemlə keçirilən birincilikdə müvafiq olaraq oğlan və qızlar qüvvələrini sınayıblar.
14 yaşadək qızların mübarizəsi iki hakimiyyətliliklə yekunlaşıb. Belə ki, 9.5 xala malik iki şahmatçıdan Əmtayeva Aytən birinci, Nəsirova Günay isə ikinci oldular. Əmrayeva Aytən rəqibini əlavə əmsallara görə üstələyib. Oğlanların yarışaması da eyni ssenari ilə yekunlaşıb. 9 xala malik iki şahmatçı zirvəni bölüşüblər. Əlavə əmsala görə Sadıxov Ülvi birinci, Bayramov Elxan isə ikinci olublar.
16 yaşadək yeniyetmə oğlan və qızların çempionatında isə Gəncə şahmatçıları üçün əlamətdar olub. Belə ki, bu yaş qrupundan 3 medal Gəncəyə gedib. Qızlardan Dünya və Avropa çempionatına hər iki vəsiqə bu məktəbin yetirmələrinə nəsib olub. 10.5 xalla Fətəliyeva Ülviyyə qızıl medala, 10 xalla İbrahimova Səbinə isə gümüş medala sahib çıxıb. Oğlanlarda isə 9.5 xalla Amil Abbasov triumfu davam etdirib. Sumqayıt şahmatçısı İsgəndərov Misrəddin isə 8.5 xalla birincliyi ikinci pillədə tamamlayıb.
18 yaşa qədər gənclərin çempionatından Beynəlxalq usta Abdulla Xəyalə (Bakı) 9.5 xalla qalib ayrılıb. Birinciliyin gümüş medalına isə Göyçay şahmatçısı Quliyeva Səbinə yiyələnib - 9 xal. İştirakçı azlığına görə 9 turdan ibarət olaraq keçirilən bu yaş kateqoriyasında oğlanların çempionatında aktivində 6 xal Zaur Məmmədov zirvəni fəth edə bilib. 5.5 xalla Hüseyn Orxan gümüş medala sahib çıxıb.
Qeyd edək ki, çempionatların əsasnaməsinə görə birincilikdə 1-ci yeri tutan şahmatçılar Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyası tərəfindən 17-27 noyabr tarixlərində Braziliyanın Caldas Novas şəhərində keçiriləcək yeniyetmələrin dünya çempionatına, ikinci pillənin sahibləri isə 17-27 sentyabr tarixlərində Bolqarıstanın Albena şəhərində keçiriləcək Avropa çempionatına vəsiqə əldə ediblər.
