6 iyul 2010 12:45
Fişeri qəbirdən çıxardılar
Məşhur amerikalı şahmatçı Bobbi Fişerin cəsədi qəbirdən çıxarılıb.
İslandiya hökumətinin qərarı ilə 9 yaşlı filippinli qızın atası olub-olmamasını müəyyən etmək üçün Fişerin nəşi narahat edilib. Cəsəddən DNT analizləri götürülməlidir. Belə ki, uşağın anası – Merilin Yanq iddia edir ki, onun qızı olan Cinkinin atası məhz Bobbi Fişerdir.
Şahmat dahisi 2008-ci ildə 64 yaşında vəfat edib və vəsiyyət qoymadan dünyasını dəyişib. Onun ABŞ-da daşınmaz əmlakı qalıb ki, hazırda bütün qohumları həmin əmlaka yiyələnmək üçün mübarizə aparırlar. Cinki Yanq hesab edir ki, o, həmin əmlaka tam hüquqla yiyələnə bilər, çünki Fişer bir zamanlar onun anası ilə görüşürmüş və ehtimal var ki, qızın doğma atasıdır.
Fişerin varidatı uğrunda «döyüşlər» uzun müddətdir ki, davam edir. Cinki Yanqın vəkilləri düşünürlər ki, Fişer ömrünün sonuna yaxın daim qızın ünvanına pul vəsaitləri göndərib və bu, onun filippinli qızın atası olduğuna sübutdur. Amerikalı qohum-əqrəbanın vəkilləri isə bunu tutarlı dəlil hesab etmirlər. Fişerin cəsədindən DNT analizlərinin götürülməsini hamı yeganə çıxış yolu hesab edir.
