Şəhriyar Məmmədyarov Kramnikdən revanş götürdü
Ümumilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş “Prezident kuboku”nda dünən sürətli şahmat üzrə turnir keçirilib. Azerisport.az xəbər verir ki, 14 şahmatçının qatıldığı blits-turnirdə həmyerlimiz Şəhriyar Məmmədyarov qələbəni bayram edib.
Teymur Rəcəbov, Rauf Məmmədov, Anar Allahverdiyev, Qədir Hüseynov, Ülvi Bacarani, Eltac Səfərli, Vüqar Rəsulov, Şəhriyar Rəhmanov, Türkan Məmmədyarova (hamısı Azərbaycan), Yudir Polqar (Macarıstan) və Emil Sutovskinin (İsrail) də çıxış etdiyi birgünlük turnirdə mübarizə Şəhriyarla Vladimir Kramnik (Rusiya) arasında gedib. 13 turdan sonra eyni miqdarda xal toplayan Məmmədyarovla Kramnik kubokun taleyini tay-brekdə həll ediblər. Rəqibinə həm ağlar, həm də qaralarla qalib gələn həmyerlimiz blits-turnirin qalibi olub. 3-cü yerə 9,5 xalla Rəcəbov çıxıb.
Xatırladaq ki, “Prezident kuboku” çərçivəsində digər turnirdə Kramnik qələbə qazanmış, Məmmədyarov isə ikinci olmuşdu.
