4 sentyabr 2013 16:51

Dünya çempionumuz: Mən özümü heç kimlə müqayisə edə bilmərəm

Azerisport.az sizi Almaniyanın Duysburq şəhərindəki dünya çempionatında qızıl medal qazanmış kanoeçimiz Valentin Demyanenkonun müsahibəsi ilə tanış edir.
 
- Karyeranızda 4-cü dəfə dünya çempionu oldunuz. Hansı hissləri keçirirsiniz?
- Özümü normal, yaxşı hiss edirəm. Çıxışımdan razıyam. Nə vaxt qalib olursansa, bunun özü bir bayramdır. Ona görə də yenidən dünya çempionu olmağıma şadam. Bu, növbəti qələbə olsa da, fərqi yoxdur.
 
- 200 metr – çox qısa məsafə sayılır. Burada hətta mikrosaniyə də öz sözünü deyə bilər. Amma artıq 4 dəfə Avropa, 4 dəfə dünya çempionu olmusunuz. Bunun sirri nədədir: finiş xəttinə çatar-çatmaz etdiyiniz sürüşmə fəndində, yoxsa...?
- Düzdür, həmin fənd də öz rolunu oynayır. Amma hər şey ilboyu hazırlıq prosesini necə keçirməyinizdən asılıdır. Dayanmadan işləsən, səndə qələbənin təmin olunduğuna inam yarana bilər. Əlbəttə, həyatda hər şey mümkündür. Elə 2012-ci il London Yay Olimpiya Oyunlarında kanoe yarışları başlar-başlamaz aldığım zədə kimi. Amma hər şeyə rəğmən, ən əsası – məşqdir.
 
- Final yürüşündə mərkəzdə yox, kənar cığırda yer almışdınız. Bu amilin çıxışınıza mənfi təsir edəcəyini düşünmürdünüz?
- Yarımfinalda ikinci olduğum üçün mərkəzi yürüş cığırına yox, nisbətən kənara - 8-ci cığıra düşmüşdüm. Hava şəraiti bir qədər əlverişsiz olduqda, cinahlarda yer alanların nəticəsi bir qədər zəif alına bilər. Amma həmin gün külək yox idi, hər şey normal idi. Mənə heç nə mane olmadı və yürüşü uğurla başa çatdırdım.
 
- Olimpiadadakı zədə ilə əlaqədar uğursuz nəticədən sonra tezliklə bərpa olunaraq, builki Avropa çempionatında gümüş, dünya çempionatında isə qızıl medal qazanacağınızı bir çoxları gözləmirdi...
- Düzdür. Baldır nahiyəmdəki zədə məni çox narahat edirdi. Elə son dünya çempionatına 10 gün qalmış iltihab baş verdi. Hətta dünya çempionatında iştirak edə bilməyəcəyimi düşünməyə başlamışdım. Lakin həkimlərin əməyi sayəsində müalicə olundum və çempionatda özümü nisbətən yaxşı hiss etdim və qalib oldum.
 
- Avropa çempionatında ikinci olsanız da, Azərbaycan yığmasının keçmiş üzvü, hazırda Rusiya millisində çıxış edən Andrey Kraytoru üstələyə bildiniz. Bu, Sizin üçün prinsipial məsələ idi?
- Xeyr, bu, vacib deyildi. Avropa çempionatında qalib olmağa can atırdım. Məndə kiməsə qarşı gözügötürməzlik yoxdu. Bütün rəqibləri eyni gözdə görürəm. Avropa çempionatına ciddi hazırlaşmışdım. Qızıl medal qazanmaq istəyirdim. Elə alındı ki, müəyyən amillər azacıq təsirini göstərdi. Yürüş cığırım bir qədər uğursuz idi. Nəticədə finalda 2-ci oldum.
 
- Bəs onun məhz Sizi geridə qoymaq istədiyini bilirdiniz?
- Eləyə qalsa, dünya çempionatında 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə üst-üstə 45 kanoeçi iştirak edirdi. 44 rəqibimin hamısı məni keçmək istəyirdi. Nəinki müəyyən birisi. Həm də o, Avropa çempionatında iştirak etsə də, dünya çempionatında rəqiblərim arasında yox idi. Əvəzində Duysburqa 1 nəfərlik qayıqla yürüş üçün İvan Ştıl gəlmişdi.
 
- Dünya çempionatında 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi, ukraynalı Yuri Çeban yox idi. Çebanın iştirakı nəticənizə necə təsir edə bilərdi?
- Düzdür, Çeban da güclü kanoeçidir. Amma mən necə proqnoz verə bilərəm ki, o olsaydı, nə baş verərdi? Gəlsəydi, baxardıq görək kim güclüdür.
 
- Hazırda dünyanın ən sürətli kanoeçisi sayılırsınız. Özünüzü Useyn Boltla müqayisə edə bilərsiniz?
- (gülür) Bolt qaçır, mən isə qayıq idarə edirəm. Özümü heç kimlə müqayisə edə bilmərəm. Mən elə mənəm, qalanları isə digər insanlardırlar.
 
- Artıq 30 yaşınız var. Olimpiya çempionu olmağa növbəti dəfə cəhd edəcəksiniz?
- Əlbəttə! Mən olimpiya çempionluğundan başqa hər şeyi qazanmışam. Olimpiya qızılı çox çatışmır. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarınadək 3 illik hazırlıq dövrüm var. Çalışacağıq.
 
- Yaxın dövr üçün hazırlıq planlarınız nədən ibarətdir?
- İlin sonunadək heç bir yarışım yoxdur. Tezliklə müalicə olunmaq üçün Polşaya gedəcəyəm. Sonradan evimdə bir ayadək dincəldikdən sonra məşqləri bərpa edəcəyəm.
 
- Artıq dünyanın ən aparıcı kanoeçiləri sırasında yerinizi təmin etmisiniz. Rəqibləriniz arasında Sizi istəməyənlər də ola bilər. Bu səbəbdən, 2016-cı il olimpiadasınadək onların hər hansı təxribatı ilə üzləşəcəyinizdən ehtiyatlanmırsınız?
- Məni heç bir təxribat maraqlandırmır. İstənilən təxribatı dəf etməyə qadirəm. Düzdür, bu, istisna deyil. Amma hər cür situasiyaya hazıram. (AMAF)

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.