18 iyun 2011 12:00
Bütün təmsilçilərimiz yarımfinalda!
İyunun 17-də Almaniyanın Hamburq şəhərində akademik avarçəkmə üzrə kişi və qadınlar arasında Dünya Kubokunun II mərhələsi start götürüb. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandasının məşqçilər heyəti öncədən 2 avarçəkənin iştirak edəcəyini açıqlasa da, sonradan daha 2 idmançını yarışa sifariş edib.
Onların hamısı turnirin ilk günündə uğurla çıxış edərək yarımfinala yüksəliblər.
2000 metr məsafəyə kişilərin seçmə mərhələ yürüşündə 1 nəfərlik qayıqla (M1X) mübarizə aparan Aleksandr Aleksandrov finişə 3-cü çatıb. O, 7 dəqiqə 9,28 saniyə nəticə göstərib. Avarçəkənimiz ABŞ və Xorvatiya təmsilçilərindən geri qalsa da, finlandiyalı və isveçrəli rəqiblərini qabaqlaya bilib. Əsasnaməyə görə, Aleksandrov ilk 12 pillə uğrunda mübarizəyə imkan verən A və ya B yarımfinalına vəsiqə qazanıb. 1 nəfərlik yüngül çəkili qayıqla (LM1X) çıxış edən Cavid Əfəndiyev də 3-cü olub. Əfəndiyev 7 dəqiqə 12,46 saniyə nəticə ilə yarımfinala çıxıb. O, Yeni Zelandiya və Norveç təmsilçilərindən geri qalmasına baxmayaraq, 2 honq-konqlu rəqibini üstələyib.
Qadınların mübarizəsində 1 nəfərlik qayıqla (W1X) yarışan Nataliya Mustafayeva finişə 7 dəqiqə 39,81 saniyəyə 3-cü çatıb. Çin və Almaniya təmsilçilərindən geri qalan Mustafayeva Belçika və Salvadordan olan rəqiblərini qabaqlayıb. Bununla da avarçəkənimiz yarımfinala çıxıb. W1X kateqoriyalı qayıqdakı daha bir təmsilçimiz İskra Angelova isə seçmə mərhələdə 8 dəqiqə 1,75 saniyə nəticə ilə 4 iştirakçı arasında sonuncu olub. O, Belarus, Rusiya və CAR avarçəkənlərindən geri qalıb. Lakin təsəlliverici yürüşdə Angelova 8 dəqiqə 0,60 saniyə nəticə göstərərək, 3-cü yeri tutub. İdmançımız Estoniya və Belçikadan olan rəqiblərinə uduzsa da, salvadorlu və tailandlı avarçəkənləri geridə qoyub. Bu nəticə ilə Angelova da yarımfinala yüksəlib.
Artıq yarımfinal yürüşlərinin keçirilmə saatları da dəqiqləşib. İyunun 18-də Bakı vaxtı ilə saat 12:48-də Cavid Əfəndiyev start xəttinə çıxacaq. Əfəndiyevin rəqibləri Braziliya, Özbəkistan, Yeni Zelandiya, ABŞ və Honq Konq təmsilçiləri olacaq. Saat 15:36-da Nataliya Mustafayeva ilə İskra Angelova mübarizəyə qoşulacaq. Maraqlıdır ki, onlar bir-birinə rəqib olublar. Digər rəqiblər isə Yeni Zelandiya, Çin, Rusiya və Estoniya təmsilçiləridir. Nəhayət, saat 15:52-də Aleksandr Aleksandrov mübarizə aparacaq. O, İsveçrə, İsveç, ABŞ, Yeni Zelandiya və Braziliya təmsilçiləri ilə yarışacaq.
Bütün yürüşlərdə ilk 3 pillənin sahibləri əsas finala (Final A),4 – 6-cı pillələri tutanlar isə 7 – 12-ci yerlər uğrunda mübarizəyə imkan verən Final B-yə çıxacaqlar.
