21 may 2011 01:08
Almaniyada uğurlu çıxış etdilər, Rusiyaya dəvət aldılar
Azərbaycanın akademik avarçəkmə üzrə yeniyetmələrdən ibarət yığma komandası mayın 24-də Rusiyanın paytaxtı Moskvaya yollanacaq. Azerisport.az xəbər verir ki, avarçəkənlərimiz beynəlxalq "Dostluq” reqatasında çıxış edəcəklər.
"Krılatskoe” avarçəkmə kanalında təşkil olunacaq yarışda ölkəmizi 6 idmançı təmsil edəcək. Yeganə qız avarçəkənimiz Alyona Kaporeyko və oğlanlardan Boris Yotov 1 nəfərlik qayıqla (müvafiq olaraq, JW 1X və JM 1X), Kamal Xanlarov – Qardaşxan Hüseynli dueti 2 nəfərlik qoşa avarlı qayıqla (JM 2X), Novruz Əliyev – Bayram Əliyev dueti 2 nəfərlik sükansız qayıqla (JM 2-) mübarizə aparacaq. Onlar Beynəlxalq Akademik Avarçəkmə Federasiyasının (FİSA) qaydalarına uyğun olaraq, 2000 metr məsafəyə yürüş edəcəklər.
Yeniyetmələr arasında keçiriləcək "Drujba” reqatası mayın 28-də start götürəcək. Yarış 2 gün davam edəcək. Komandamız məşqçi Samir Məmmədovun rəhbərliyi altında çıxış edəcək. Nümayəndə heyətinin başçısı Azərbaycan Milli Avarçəkmə Federasiyasının texniki direktoru Leyla Əliyeva olacaq.
Qeyd edək ki, yeniyetmələrdən ibarət yığmamız daha öncə eyni heyətlə 7-8 mayda Almaniyanın Münhen şəhərində keçirilmiş ənənəvi "Internationale DRV-Junioren-Regatta” adlı turnirdə mübarizə aparıblar. Cəmi 16 yaşa malik Boris Yotov 18 yaşadək akademik avarçəkənlər arasında qızıl medal qazanıb. Qardaşxan Hüseynli – Kamal Xanlarov dueti isə bürünc medala sahib olub.
