12 dekabr 2010 16:16
“Azərbaycanın üçrəngli bayrağını qaldırsam, qürur duyaram”
Kanoe qayıqlarında avarçəkmə üzrə Azərbaycan milli komandasının üzvü, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının finalçısı Adnan Əliyevin Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına müsahibəsi.
- Ad və soyadınız azərbaycanlı ad-soyadından heç də fərqlənmir. Milliyyətcə haralısınız?
- Mən Bolqarıstanda doğulub boya-başa çatmışam. Valideynlərim isə türkdürlər.
- Türkcə danışmağı bacarırsınız?
- Bəli. Hətta ruscadan da yaxşı bacarıram.
- İndiyədək hansı nailiyyətləriniz olub?
- Böyüklər arasında Avropa çempionatında qazandığım bürünc medalı və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 7-ci yeri tutduğumu qeyd edərdim.
- Elə isə Azərbaycan yığmasına keçməyinizə səbəb nə oldu?
- Azərbaycanın kayak və kanoe qayıqlarında avarçəkmə üzrə milli komandasının baş məşqçisi Aleksandr Kolıbelnikov həqiqətən də peşəkar və dünyanın ən yaxşı mütəxəssislərindən biridir. Ona görə bu komandada çalışmaq istədim. Sonra da buraya gəldim. Avarçəkmə növlərinin inkişafı üçün yaradılan şəraiti görüb-bəyəndim və qalası oldum.
- Ölkəmizə gələnədək Azərbaycan haqda hər hansı məlumatınız var idi?
- Elə də çox deyildi. Tam təsəvvürə malik deyildim. Amma yaradılan şəraiti və yığmaya çox güclü mütəxəssisin rəhbərlik etdiyini bilirdim. Sonradan isə gördüm ki, həqiqətən də idmançılar üçün hər cür imkanlar və məşq şəraiti mövcuddur.
- Ailəlisiniz?
- Xeyr, subayam. Ona görə də Mingəçevirdə tək qalıram.
- Azərbaycan yığmasında özünüzü necə hiss edirsiniz?
- Burada özümü elə azərbaycanlı kimi hiss edirəm. Artıq bu ölkənin bayrağını ucaltmağa çalışıram. Digər tərəfdən, millət olaraq da bir-birimizlə yaxınıq.
- Bolqarıstanı tərk etməyinizə səbəb nə oldu?
- Orada tək çalışırdım. Şəxsi məşqçim yox idi. Amma burada peşəkar səviyyədə məşğul oluram. Mənə etimad göstərdiyi üçün Azərbaycan Milli Avarçəkmə Federasiyasına minnətdarlıq edirəm.
- Bolqarıstan Kanoe Federasiyası Azərbaycana gəlişinizə mane olmadı?
- Xeyr. Məni problemsiz yola saldılar.
- İlk hədəfiniz nədən ibarətdir?
- Mən öncədən danışmağı sevmirəm. Amma ilkin hədəfim 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdan ibarətdir. Buna nail olsam, uğurlarımın davamı gələcək.
- Olimpiadaya lisenziya əldə etmək üçün hansı məsafəyə yürüşlərdə iştirak edəcəksiniz?
- 1000 metr məsafəyə yürüşlərə hazırlaşmaq istəyirəm.
- Azərbaycanda özünüzə rəqib görürsünüz?
- Əlbəttə. Komandamızda güclü rəqabət var. Ad çəkmək istəmirəm, amma yığmada öz yerimi tutacağıma inanıram.
- London olimpiadasına lisenziya qazanmaq üçün hansı yarışlarda neçənci yeri tutmaq lazımdır?
- Əvvəla, 2011-ci ilin 18–21 avqustunda Macarıstanın Seqed şəhərində keçiriləcək dünya çempionatında ilk 7 pillədən birini tutmaq lazımdır. Bu, mümkün olmasa, bir şans da var. 2012-ci ildə keçiriləcək Avropa çempionatında daha 1 lisenziya sahibini tapacaq. Çalışacağam ki, bu lisenziyalardan 1-inə mən sahib olum.
- Ən böyük uğurlarınızı 2 nəfərlik kanoe qayığı ilə yürüşlərdə əldə etmisiniz. Ölkəmizdə isə 1 nəfərlik kanoe qayığında çıxış edirsiniz...
- Düzdür, daha çox 2 nəfərlik qayıqlarda çıxış etmişəm. Amma 1 nəfərlik qayıqla da qüvvəmi sınamışam. Elə Azərbaycanda da 1 nəfərlik qayıqla uğur qazanacağıma inanıram.
- Bu yaxınlarda "Mingəçevir reqatası-2010” Beynəlxalq turnirində yarışdınız. Çıxışınızdan razı qaldınız?
- Məncə, normal çıxış etdim. Xüsusən, 1000 metr məsafəyə yürüşdə yaxşı təsir bağışladım. Bütün rəqiblərimi yendim və qızıl medal qazandım. Ümumiyyətlə, turnirin səviyyəsi xoşuma gəldi.
- Azərbaycanda daha çox nəyi bəyənirsiniz?
- Çox da fərqli bir şey yoxdur. Mən çox ölkədə olmuşam və yaşamışam. Dünyada hər şey eynidir.
- Bəs mətbəximizdən nəyi xoşlayırsınız?
- Plovu.
- Ən böyük arzunuz nədir?
- Bütün Azərbaycan xalqını sevindirmək və Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalova ən gözəl formada təşəkkür etmək istərdim. Çünki o, mənə bu imkanı verdi və bu şansı tanıdı. Bu ölkənin üçrəngli bayrağını qaldırsam, qürur duyaram.
