18 oktyabr 2012 20:28
Rabitə Fenerbahçeni də məğlub edib, DÇ-nin finalına çıxdı (YENİLƏNİB)
Bu gün Azərbaycanın qadınlardan ibarət “Rabitə” voleybol klubu klublararası dünya çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, ölkə çempionu yarımfinalda Türkiyənin “Fenerbahçe” klubu ilə qarşılaşıb.
Qeyd edək ki, qardaş ölkə təmsilçisi öz qrupunu lider kimi başa vurmuşdu. “Fenerbahçe” B qrupunda həm “Kenya Prisons”a, həm də “Lancheras de Catano”ya 3:0 hesabıyla qalib gəlmişdi. “Rabitə” isə A qrupunda mübarizə aparırdı və ilk oyununda Braziliyanın “Sollis Osasco” klubuna 1:3 hesabıyla yenilmişdi. Lakin Çin “Bohay Bank”ı üzərindəki 3:1 hesablı qələbə təmsilçimizi ikinci yerlə yarımfinala çıxarmışdı.
Bu görüşdə isə qələbə "rabitəçilər"ə qismət olub. Bu turnirin son qalibi olan təmsilçimiz titulunu qorumaq üçün finalda da qalib gəlməlidi.
Bu gün “Fenerbahçe” – “Rabitə” görüşü ilə yanaşı “Sollis Osasco” da “Lancheras de Catano” ilə qarşılaşıb. Görüş braziliyalıların qələbəsi ilə başa çatıb. Beləliklə, DÇ-nin finalında Azərbaycan çempionu yenə Braziliya təmsilçisi ilə qarşılaşmalı olacaq.
Klublararası dünya çempionatı
Yarımfinal
18 oktyabr
Rabitə - Fenerbahçe - 3:0 (25:18, 25:20, 25:16)
