17 sentyabr 2012 13:23
Azərreyl bir turniri uğursuz başa vurdu, digərinə hazırlaşır
Bakının qadınlardan ibarət “Azərreyl” voleybol klubu Polşada keçirilən Aqata Mroz-Olşevskayanın xatirəsinə həsr olunan turniri uğursuz başa vurub. Azerisport.az xəbər verir ki, voleybolçularımız qrup mərhələsindəki bütün görüşlərini məğlub başa vurublar.
Belə ki, Alessandro Kyappinin yetirmələri Polşanın “Tauron” və Rusiyanın “Dinamo” (Moskva) klublarına 0:3, Serbiyanın “Crvena Zvezda” komandasına isə 2:3 hesabıyla uduzub. Beləcə, qrupda sonuncu olan “Azərreyl” çıxışını erkən başa vurub.
Qeyd edək ki, yeni mövsümdə Çempionlar Liqası və Super Liqa yarışlarında çempionluğu hədəfləyən klub beynəlxalq turnirdə iştirakdan sonra vətənə qayıtmayacaq. Belə ki, “Azərreyl” bu yarışdan sonra “Fenerbahçe” (Türkiyə) ilə qarşılaşacaq və ardından yenə beynəlxalq turnirdə qüvvəsini sınayacaq. Vrotslavda təşkil olunacaq turnirdə komandamız “Dresdner” (Almaniya), “Fenerbahçe” (Türkiyə) və “İmpel” (Polşa) komandaları ilə gücünü yoxlayacaq. Qeyd edək ki, Bakı təmsilçisinin qüvvəsini sınayacağı ikinci turnir sentyabrın 21-23-də keçiriləcək.
