31 iyul 2012 15:58
Paytaxt klubu yeni baş məşqçisini təqdim etdi
Bu gün Bakının qadınlardan ibarət “Rabitə” voleybol klubunun yeni baş məşqçisinin təqdimat mərasimi olub. Azerisport.az xəbər verir ki, klubun prezidenti Cəlil Cəfərov komandanın heyətinə cəlb olunan yeni voleybolçulardan danışıb, “Rabitə”nin qarşıdakı mötəbər yarışlara hazırlıq planı haqqında məlumat verib.
O bildirib ki, avqustun 22-dən komandanın Bakıda təlim-məşq toplanışı başlayacaq. Çempionlar Liqası yarışlarında mübarizə aparacaq komandanı bu turnirdən əvvəl daha məsuliyyətli bir sınaq gözlədiyini deyən C.Cəfərov, “Rabitə”nin oktyabrın 13-dən 19-dək Qətərdə klublararası dünya çempionatında iştirak edəcəyini, ötənilki turnirin qalibi olmuş klubun orada çox güclü rəqiblərlə üz-üzə gələcəyini vurğulayıb. Bu turnirdə klubların heyətində Braziliya, İtaliya, Çin və digər yığma komandaların aparıcı oyunçularının iştirak edəcəyi nəzərə çarpdırılıb.
Azərbaycan Super Liqasının gündən-günə gücləndiyini söyləyən C.Cəfərov “Rabitə-2” komandasının yaradılması istiqamətində işlərin görüldüyünü də bildirib.
“Rabitə”nin yeni baş məşqçisi, italiyalı mütəxəssis Marçello Abbondanza komandanın güclü voleybolçulardan təşkil olunduğunu deyərək son transferlərdən danışıb. Çempionlar Liqası yarışlarının püşkatma mərasiminə münasibət bildirən baş məşqçi Polşanın “Atom” və İtaliyanın “Villa Kortese” komandalarını güclü rəqib adlandırıb. Çexiyanın “Agel” kollektivinin qrupdan çıxmaq şanslarının az olduğunu nəzərə çarpdıran M.Abbondanza mötəbər turnirdə Rusiya və Türkiyə klubları ilə gərgin mübarizə gedəcəyini söyləyib.
Komandaya yeni voleybolçuların cəlb olunacağını da bildirən M.Abbondanza heyətdə Madeleyne Montano, Aurea Kruz, Yekaterina Zakrevskaya və Aleksandra Fomina kimi güclü idmançıların olduğunu diqqətə çatdırıb.
Sonda baş məşqçiyə klubun atributları təqdim olunub.
