1 aprel 2012 20:50
Çellenc kubokunu bu dəfə Lokomotiv qazandı (YENİLƏNİB)
Bu gün qadın voleybolçular arasında Çellenc kubokunun finalında son oyun keçirilib. Azerisport.az xəbər verir ki, həlledici görüşdə iki Azərbaycan klubu - “Bakı” və “Lokomotiv” üz-üzə gəlib.
Qeyd edək ki, istənilən halda kubok Azərbaycanda qalacaqdı. Çünki hər 2 komandanın qalib gəlmək şansı vardı. Düzdü, “Bakı” bu mövsüm “dəmiryolçular”dan daha güclü olmuşdu. Onlar Super Liqanın təsnifat mərhələsinin hər 2 matçında “Lokomotiv”i üstələmişdilər (3:0, 3:1). Lakin avrokubokun debütantı olan “Bakı” ilə ilk final duelində təcrübəli “dəmiryolçular” gülən tərəf olmuşdular – 3:2. Bu üzdən də cavab matçının da kifayət qədər maraqlı idman mübarizəsinə səhnə olacağı şübhə doğurmurdu. Gözlənildiyi kimi, bu dəfəki gərgin mübarizənin də qalibi "Bakı" oldu. Belədə Çellenc kubokunun qalibini müəyyənləşdirmək üçün qızıl setə ehtiyac duyuldu. Məhz qızıl setdə qələbə qazanan "Lokomotiv" turnirin baş mükafatına sahib çıxdı.
Maraq üçün xatırladaq ki, bu turnirdə ötən il də iki Azərbaycan klubu finala vəsiqə qazanmışdı. O zaman da finalçılardan biri məhz “Lokomotiv” idi. Amma bu klubumuzla dueldən daha güclü çıxan “Azərreyl” turnirin baş mükafatına sahiblənmişdi.
Çellenc kuboku
Final (ikinci oyun)
1 aprel
Lokomotiv – Bakı - 2:3 (27:25, 19:25, 25:21, 20:25, 13:15) (QIZIL SET - 15:13)
