29 fevral 2012 19:48
Lokomotiv də qızıl setdə güldü (YENİLƏNİB)
Azərbaycanın qadın voleybolçulardan ibarət “Lokomotiv” klubu bu gün Çellenc kubokunda 1/4 final mərhələsinin cavab oyununa çıxıb. Azerisport.az xəbər verir ki, təmsilçimiz bu mərhələdə Çexiyanın “Kralovo Pole” klubu ilə mübarizə aparırdı.
Bu komandalar arasındakı ilk qarşılaşma rəqib meydanında keçirilmişdi. Təmsilçimiz həmin oyunda yalnız tay-brekdə məğlub olmuşdu – 2:3. Bu üzdən də “dəmiryolçular” yarımfinala vəsiqə qazanmaq üçün cavab matçında mütləq qələbə qazanmalıydılar. Matçın Bakıda keçirilməsi və doğma meydan amili komandamızın şanslarını daha da artırırdı. Gözlənildiyi kimi, "Lokomotiv" bu fürsəti qaçırmayıb. Rəqibini darmadağın edən klubumuz qızıl setdə də qələbə qazanaraq, yarımfinala adlayıb.
Qeyd edək ki, “Lokomotiv” bu mövsüm öncə Macarıstan “Vaşaş”ı üzərində qazandığı zəfər sayəsində mərhələ adlaamışdı. Ardından isə Xorvatiya “Split”i və Serbiyanın “Vizura” klubu “dəmiryolçular”ın qarşısında duruş gətirə bilməmişdi.
Çellenc kuboku
1/4 final (cavab oyunu)
29 fevral
Lokomotiv - Kralovo Pole - 3:0 (25:19, 25:19, 25:15) (qızıl set - 20:18)
