28 fevral 2012 19:45
Azərreyl qızıl setdə məğlub oldu (YENİLƏNİB)
Azərbaycanın qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyununa çıxıb. Azerisport.az xəbər verir ki, təmsilçimiz bu mərhələdə Rusiyanın “Dinamo” (Kazan) komandası ilə mübarizə aparırdı.
Bu komandalar arasındakı ilk qarşılaşma rəqib meydanında keçirilmişdi. Komandamız həmin oyunda 1:3 hesabıyla uduzmuşdu. Bu üzdən də növbəti mərhələyə adlamaq üçün cavab görüşündə Faiq Qarayevin yetirmələri mütləq qələbə qazanmalıydılar.
Lakin təəssüf ki, komandamız bu vəzifənin öhdəsindən tam gələ bilməyib. Düzdü, ilk üç set xeyrimizə başa çatsa da, həlledici - qızıl setdə ruslar daha güclü çıxıblar və "Dördlər finalı"na vəsiqəyə sahib çıxıblar.
Qeyd edək ki, “Azərreyl” ÇL-in qrup mərhələsində Türkiyənin “Vakıfbank”, İtaliyanın “Bergamo” və Rumıniyanın “Constanta” klublarıyla mübarizə aparırdı. Komandamız pley-offa qrup ikincisi kimi vəsiqə qazanmışdı. 1/8 final mərhələsində isə “Azərreyl” İsveçrənin “Volero” komandasını mübarizədən kənarlaşdırmışdı.
Çempionlar Liqası
1/4 final (cavab oyunu)
28 fevral
Azərreyl - Dinamo (Kazan) - 3:0 (25:21, 25:23, 25:11) (Qızıl set - 10:15)
