27 fevral 2012 18:43
Voleybol Federasiyası azarkeşlərə müraciət etdi
Azərbaycan Voleybol Federasiyası azarkeşlərə müraciət ünvanlayıb. Azerisport.az həmin müraciətlə sizi də tanış edir:
“Əziz voleybol azarkeşləri! Bu il Çempionlar Liqasında ölkəmizi təmsil edən “Azərreyl” və “Rabitə” komandalarının hər biri bu turnirin 1/4 final mərhələsinədək irəliləyib. Əgər bu klubların paytaxtımızda keçiriləcək "Dördlər finalı"nda iştirakını istəyirsinizsə, onlara dəstək olun. Bütün voleybolsevərləri, “Azərreyl”, eləcə də digər klublarımızın azarkeşlərini 28.02.2012-ci il tarixində, saat 18:00-da Bakı İdman Sarayında keçiriləcək “Azərreyl” – “Dinamo” (Kazan, Rusiya) görüşündə komandamızı dəstəkləməyə çağırırıq. Məhz bu görüş komandamız üçün böyük əhəmiyyət kəsb edir. Ona görə də hər birimiz komandamıza dəstək olmalıyıq.
Qeyd edək ki, “Azərreyl” – “Dinamo” görüşündən sonra eyni məkanda, saat 20:30-da Çağırış kubokunun 1/4 final mərhələsinin “Bakı” – “Omiçka” (Rusiya) görüşü keçiriləcək”.
