8 fevral 2012 00:06
“Arxayınçılığa əsas yoxdu”
“Bu rəqib artıq bizə tanışdı. “Volero”da çoxlu gənc, istedadlı və iddialı oyunçular var”. Azerisport.az xəbər verir ki, bunu “Azərreyl”in baş məşqçisi Faiq Qarayev deyib.
Təcrübəli mütəxəssis Avropa Çempionlar Liqasının 1/8 final mərhələsinin “Volero” (İsveçrə) klubu ilə cavab matçı barədə fikirlərini açıqlayıb. O bildirib ki, ilk oyunda 3:1 hesabı ilə qalib gəlsələr də, arxayınçılığa əsas yoxdu:
“Rəqib hələ ötən həftə Sürixdəki matçda bizə bəzi problemlər yaratdı. “Volero” evdə uduzduğundan Bakıda bunun əvəzini çıxmağa çalışacaq. Biz isə oyuna soyuqqanlı çıxmalıyıq. Hər halda biz növbəti mərhələyə hələ vəsiqə qazanmamışıq”.
Qeyd edək ki, “Azərreyl” – “Volero” matçı bu gün saat 18:00-da start götürəcək.
