19 yanvar 2012 00:38
Klublarımızın növbəti rəqibləri müəyyənləşdi
Azərbaycanın qadınlardan ibarət voleybol klublarının Çellenc kubokunda 1/8 final mərhələsindəki rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, artıq həm “Bakı”nın, həm də “Lokomotiv”in 1/4 final yolunda hansı komandayla mübarizə aparacağı məlumdu.
1/16 final mərhələsində Xorvatiyanın “Split” klubunu hər iki oyunda darmadağın etməklə mərhələ adlayan “Lokomotiv” bu dəfə Serbiya klubu ilə qarşılaşacaq. Belə ki, “dəmiryolçular” Belqrad şəhərini təmsil edən “Vizura” ilə üz-üzə gələcəklər. Belqradlıların iki dəfə İsveçin “Katrineholms” klubunu məğlub edərək, “Lokomotiv”ə rəqib olduğunu da qeyd edək.
Kiprin “Apollon” komandasını mübarizədən kənarlaşdırmış “Bakı” isə eyni aqibəti bu dəfə Xorvatiya təmsilçisinə yaşatmalıdı. Belə ki, paytaxtın eyniadlı təmsilçisi 1/8 finalda “Rijeka” ilə qarşılaşacaq. Hansı ki, bu komanda 1/16 final mərhələsində Fransanın “Istres Ouest Provence” klubuna qalib gəlib.
