14 oktyabr 2011 20:46
Rabitə yeni dünya çempionudu! (YENİLƏNİB)
Qətərin paytaxtı Dohada qadın voleybolçulardan ibarət klublar arasında təşkil olunan dünya çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, bu gün turnirin final oyunu keçirilib.
Bu mərhələyə qrup lideri kimi yüksələn, yarımfinalda isə Dominikan Respublikasının “Mirador” klubunu darmadağınla keçən Azərbaycan çempionu “Rabitə” ilk dəfə qatıldığı DÇ-ni qazanmaq hüququna yiyələnmişdi. Bu yolda komandamızın rəqibi Türkiyənin “Vakıfbank” klubuydu.
Qeyd edək ki, “Rabitə” qrupdakı ilk oyununu Tailandın “Çanq” klubuna qarşı keçirmiş və 3:1 hesablı qələbəyə sevinmişdi. Braziliya “Osasco”su ilə qarşılaşma isə 3:2 hesablı qələbəyə ilə başa çatmışdı. Voleybolçularımız son rəqibi üzərində də qələbə qazanmaqla, Azərbaycana növbəti sevinci bəxş etmiş oldu. Özü də maraqlıdı ki, təmsilçimiz güclü rəqibi ilə dueldə çox inamlı təsir bağışladı və bütün setlərdə demək olar ki, fərqli şəkildə qələbə qazandı. Nəticədə yekun nəticədə də komandamız rəqibini darmadağın etdi.
Beləcə, "Rabitə" dünya çempionu adını qazanmaqla, Azərbaycan voleybolu tarixində yeni səhifə açmış oldu. Yeri gəlmişkən qeyd edək ki, martda keçirilən Çempionlar Liqasının finalında da Azərbaycan çempionu məhz "Vakıfbank"la üz-üzə gəlmişdi. Amma həmin vaxt Türkiyə çempionu qələbə qazanan tərəf olmuşdu - 3:0. Bu dəfə isə "Rabitə" bir növ öz qisasını almış oldu.
Üçüncü yer uğrunda keçirilən oyunda isə finalçıların məğlub etdikləri “Osasco” və “Mirador” üz-üzə gəlib. Daha güclü oyun sərgiləyən braziliyalılar 3:0 hesablı qələbə ilə dünya üçüncüsü olublar.
Voleybol
Dünya çempionatı
Final
14 oktyabr
Rabitə - Vakıfbank - 3:0 (25:15, 25:18, 25:9)
