13 oktyabr 2011 13:53
Rabitə finala çıxsa, Türkiyə klubuna rəqib olacaq
Qadın voleybolçulardan ibarət klublar arasında təşkil olunan və Qətərin Doha şəhərində keçirilən dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, artıq turnirin ilk finalçısının adı müəyyənləşib.
Belə ki, bu gün keçirilən ilk yarımfinal oyununda Türkiyənin “Vakıfbank” klubu ötən gün “Rabitə”nin çətinliklə yendiyi (3:2) Braziliya “Osasco”sunu darmadağın edib - 3:0. Beləcə, Çempionlar Liqasının son qalibi olan Türkiyə təmsilçisi adını finala yazdırıb.
Qeyd edək ki, digər yarımfinal cütündə də finala yüksəlmək üçün Azərbaycan çempionu “Rabitə” Dominikan Respublikasının “Mirador” klubuyla mübarizə aparacaq. Komandamız bu rəqibini də keçə bilsə, həlledici oyun türk finalına çevrilmiş olacaq.
