29 sentyabr 2011 01:48
Türkiyə və İtaliya AÇ-nin yarımfinalında!
Serbiya və İtaliyada keçirilən qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi davam edir. Azerisport.az xəbər verir ki, ötən gün pley-off və 1/4 final mərhələsinin görüşləri keçirilib.
Avropa çempionatının ev sahiblərindən olan Serbiya 1/4 finala vəsiqə uğrunda Rumıniya voleybolçuları ilə qarşılaşıb. Oyunda üstün tərəf olan serblər 3:0 hesabı ilə qələbə qazanıblar. Onlar növbəti mərhələdə hələ 1 set belə uduzmayan Polşa ilə qarşılaşacaqlar.
Pley-off mərhələsinin son oyununda isə Çexiya və Fransa yığmaları qarşılaşıblar. Çexlər fransızlar üzərində çətinliklə də olsa, qələbə qazana biliblər.
1/4 final mərhələsinin ilk oyunu isə sensasiya ilə yekunlaşıb. Belə ki, Türkiyə milli komandası son dünya çempionu Rusiya yığmasına asanlıqla qalib gəlib. İlk setdə şimal qonşularımız ciddi müqavimət göstərsələr də, son 2 hissədə elə də çətinlik çəkmədən qalib gələn türklər yarımfinala yüksələn ilk komanda olub. Onlar bu mərhələdə Polşa – Serbiya cütünün qalibi ilə oynayacaqlar.
1/4 finalın ikinci oyununda isə İtaliya və Hollandiya yığmaları üz-üzə gəliblər. Azərbaycan yığmasının qrupundan lider kimi çıxan İtaliya voleybolçularımızı 1/8 finalda məğlub etmiş hollandlarla görüşdə qələbə qazanaraq, yarımfinala çıxıblar.
Voleybol
Avropa çempionatı
Pley-off mərhələsi
28 sentyabr
Serbiya – Rumıniya – 3:0 (25:19, 25:15, 25:20)
Çexiya – Fransa – 3:1 (25:21, 23:25, 25:14, 25:14)
1/4 final
Rusiya - Türkiyə - 0:3 (25:27, 21:25, 19:25)
İtaliya – Hollandiya – 3:1 (25:21, 25:20, 21:25, 25:18)
Qeyd edək ki, 1/4 finalın qalan iki oyunu bu gün keçiriləcək: Polşa – Serbiya, Almaniya – Çexiya. Yarımfinalda isə Polşa – Serbiya cütünün qalibini Türkiyə, Almaniya – Çexiya cütünün qalibini də İtaliya ilə görüş gözləyir.
