8 iyul 2011 12:55
Ölkə çempionu yeni baş məşqçiyə tapşırıldı
Azərbaycan çempionu “Rabitə” voleybol klubu yeni baş məşqçisinə qovuşub. Azerisport.az xəbər verir ki, həyata keçirdiyi möhtəşəm transferləriylə gündəmdən düşməyən klubun yeni baş məşqçisinin də adı nəhayət ki, məlum olub.
Dünya voleybolunda kifayət qədər tanınmış, müxtəlif milli və klub komandalarıyla fenomenal uğurlara imza atmış serbiyalı mütəxəssis Zoran Qayiç yeni mövsümdən etibarən “Rabitə”nin sükanı arxasında çalışacaq. Karyerası boyunca kişi kollektivlərini çalışdırmış mütəxəssis dəfələrlə müxtəlif qadın klublarından təkliflər almasına baxmayaraq, məhz “Rabitə”ni seçməklə ilk dəfə qadın kollektivinə baş məşqçilik edəcək.
1958-ci il doğumlu Zoran Qayiç Yuqoslaviya milli komandasıyla 2000-ci il Sidney Olimpiadasının finalında adlı-sanlı Rusya komandasını yenməklə Olimpiadanın qızıl medallarına layiq görülüb. Bu möhtəşəm uğurdan bir il sonra bu komanda təcrübəli mütəxəssisin rəhbərliyi altında Avropa Çempionatının da qızıl medallarına sahib çıxıb. 2002-ci ildə Yuqoslaviyadan ayrılan Qayiç Rusiya millisinin sükanı arxasına gətirilir. Rusiya voleybol tarixinə ilk əcnəbi məşqçi kimi keçən Qayiç milli komandayla 2005-ci il Avropa Çempionatının finalına yüksəlir, həlledici oyunda isə meydan sahibləri İtaliya komandasına tay-brekdə məğlub olaraq gümüş medallara sahib çıxır.
2006-cı ildə Moskvada keçirilən FİVB Dünya Liqasının yarımfinalında Braziliya milli komandasına yenilən Qayiçli Rusiya komandası bürünc medal uğrunda görüşdə Bolqarıstan millisini 3:0 yenərək turniri 3-cü Pillədə başa vurur.
2007-cil ildən etibarən Rusiyanın “ İskra Odintsovo”, “Ural” komandalarını çalışdıran təcrübəli mütəxəssis 2011/12-ci il mömsümündə “Rabitə”nin baş məşqçisi olacaq.
Zoran Qayiç öz seçimiylə bağlı “Sbvolley” agentliyinə bunları söyləyib: “Məni müxtəlif illərdə fərqli qadın komandalarına çağırdılar. 2004-cü ildə Türkiyənin “Eczaçıbaşı” komandasından gələn təklifi düşünsəm də kişilərdən ibarət “Lokomotiv Beloqorye” komandasına üstünlük verdim. Ardından 2007-ci ildə İsveçrənin “Volero” Sürix komandasıyla da təmasa keçdik və mən bu dəfə də kişi voleybolunu üstün tutaraq “İskra Odintsovo” komandasına çalışdım. Ama 3-cü dəfə bu şansdan imtina etməməyi qərara aldım. Çünki “Rabitə” komandasının rəhbərliyi mənim xidmətimdə çox maraqlı idi. Biz yeni mövsümlə bağlı bütün planları, heyəti, oyun sxemlərini, komandanın qurulma prinsiplərini müzakirə etdik. Mənim üçün bir komandanın uğur qazanması üçün bütün lazımi şəraitin qurulması çox vacibdir ki, heç bir problem komandanı çalışdırmağa və qoyulan hədəflərə yetişməyə mane olmasın. Ona görə mənim müqaviləm birbaşa komandanın yeni mövsümdəki uğurlarından – Klublararası Dünya Çempionatı, Avropa Çempionlar liqası və Azərbaycan birinciliyindən asılıdı”.
