18 iyun 2011 11:40
Rabitə rəsmən dünya çempionatında!
Son illər yerli və Avropa arenada qazandığı möhtəşəm uğurları sayəsində nəinki Avropanın həm də bütün dünyanın diqqətini cəlb edən “Rabitə” komandası Beynəlxalq Voleybol Federasiyası tərəfindən daha bir xoş xəbərlə müjdələnədirilib. Azerisport.az xəbər verir ki, Avropa Çempionlar liqasında iştirakı təsdiqlənən komandamızın bu dəfə səsi daha böyük turnirdən gələcək.
Belə ki FİVB-dən gələn xüsusi dəvətə əsasən son illərin dəyişməz çempionu möhtəşəm Dünya Çempionatında iştirak edərək Azərbaycan xalqını sevindirməyə çalışacaq. Son mövsüm Avropada final oynayan “Rabitə”nin bu haqqı heçdən qazandığını da söyləmək olmaz. Komandamız ötən mövsüm Avropa nəhənglərini gerisində buraxaraq Çempionlar liqasında final oynamaqla bu haqqa iddiasını göstərdi və klub rəhbərliyinin gələcəklə bağlı daha ciddi planlarına eyham vurdu.
Bütün bu zəhmətlərin bəhrəsini görmək isə klub rəhbərliyi ilə yanaşı bütün Azərbaycan xalqını sevindirməyə bilməz. Axı bu nəinki voleybol tariximizdə, hətta bütün Azərbaycan idmanı tarixində kollektiv idman növlərində hər hansı bir klubun ilk dəfə Dünya Çempionatında iştirakı deməkdir.
Bu ilkə məhz “Rabitə”nin imza atdığını da qeyd edək. Beləliklə 8-14 oktyabr 2011-ci il tarixlərində Qətərin paytaxtı Doha şəhərində təşkil olunacaq FİVB klublararası Dünya Çempionatı nda bir Azərbaycan komandası da iştirak edəcək. Bu turnirdə iştirak edəcək 6 komandadan artıq 4-ü məlumdu. Belə ki öz qitələrinin çempionları “Kenya Prisons” (Afrika), “Caguas” (Norceca), “Rabitə” Bakı və VGSTT (Avropa) artıq bu turnirdə iştirak edəcəyini dəqiqləşdirərək daha iki rəqibin adının aydınlaşmasını gözləyir. Vakant yerlərin sahibləri isə Cənubi Amerika və Asiya Çempionlarının adları bəlli olandan sonra öz yerlərini tutacaqlar.
Dünya Çempionatının ilk mərhələsinin püşkatma mərasimi 26 iyun 2011 ci il tarixində Doha şəhərində keçiriləcək.
