23 may 2011 11:54
Çempiondan növbəti transfer (FOTO)
Son Azərbaycan çempionu “Rabitə” voleybol klubu novbəti mövsümün hazırlıqlarını yüksək səviyyədə həyata keçirməyi davam edir. Azerisport.az xəbər verir ki, xorvatiyalı ulduz Nataşa Osmokroviçin səs-küylü transferindən sonra “Rabitə” daha bir perspektivli, gənc olmasına baxmayaraq kifayət qədər inamlı oyun gostərən Bolqarıstan millisinin üzvü Dobriana Rabadjiyevanı heyətinə cəlb edib.
4-cü zona oyunçusu olan Rabadjiyeva bu movsümü İtaliya A Seriyası komandalarından olan “Spes Conegliano”nun heyətində keçirib. 20 yaşlı, 190 sm boya malik olan gənc oyunçu komandasının İtaliyada müntəzəm çempionatının uzun müddət lider olmasında böyük əmək sərf edərək əsas heyətin əvəzolunmaz simalarından birinə çevrilib.
Dobriana Rabadjiyeva gənc olsa da artıq onunla bağlı azarkeşlərin yaddaşında maraqlı bir xatirə də var. Belə ki Türkiyədə keçirilən ötən ilki Avropa liqasının yarımfinal oyununun 5-ci setində meydana çıxan Rabadjiyeva bu maçın sensasion nəticələnməsində ən böyük pay sahibi olmuşdu. Türkiyə millisi Bolqarıstan komandasını 13 -6 yenərkən mübarizəyə qoşulan gənc ulduz top qəbulu və hücumda gözəl oyun gostərərək komandasının ardıcıl 9 xal qazanıb, Avropa liqasının finalına çıxmasına zəmin yaratmışdı.
Top qəbulunda və hücumda kifayət qədər effektli oyun göstərən bolqar oyunçunun qarşıdakı uzun marafonda “Rabitə”yə kifayət qədər faydalı olacağı şübhə doğurmur. Rabadjiyeva həm də gənclər arasında keçirilən Balkan Çempionatının qalibi və Ən dəyərli oyunçusu seçilib.
Qeyd edək ki, Dobriana Rabadjiyevanı “Rabitə”dən başqa bir neçə Azərbaycan və xarici klubları da növbəti mövsüm üçün heyətində görmək istəyirdi.
