13 may 2011 13:53
Azərbaycan çempionundan transfer bombası (FOTO)
Voleybol üzrə Azərbaycan çempionu "Rabitə" mövsümün transfer bombasını partladıb. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisi xorvatiyalı voleybolçu Nataşa Osmokroviçini heyətinə qatıb.
Superliqanın son qalibi yeni oyunçusu ilə 1 illik müqavilə imzalayıb. Qeyd edək ki, Osmokroviç "Rabitə"yə Türkiyənin "Fənərbaxça" klubundan gəlib. Karyerası ərzində Xorvatiyanın "Mladost", Yaponiyanın "Hisamitsu" və "İto Yokado", Braziliyanın "Vasko da Qama", İtaliyanın "Napoli", "Reggio", "Novara", "Kyeri" və "Terra Sarda Tortoli" klublarında çıxış edib. 2009-cu ildə "Fənərbaxça"ya gələn Nataşa Türkiyə çempionatının və kubokunun qalibi olub, Çempionlar Liqasının gümüş və bürünc medallarını qazanıb.
35 yaşlı voleybolçu 2004-cü ildə İtaliya Kubokunu, 2003 və 2005-ci illərdə Super Kubokunu, 2006-cı ildə "Top-komandalar" Kubokunu, 2009-cu ildə isə CEV Kubokunu qazanıb.
Osmokroviç 2001-ci ildən Xorvatiya millisində çıxış edir. O, 1997 və 1999-cu ildə Avropa çempionatının finalında oynayıb.
