2 aprel 2011 18:15
Çelenc kubokunu Azərreyl qazandı (YENİLƏNİB)
Bu gün “Sərhədçi” idman kompleksində Çelenc kubokunun final oyunu keçirilib. Azerisport.az xəbər verir ki, qitəmiqyaslı turnirin həlledici matçında uğurlu mövsüm keçirərək bütün rəqiblərini mübarizədən kənarlaşdıran iki Azərbaycan klubu – “Azərreyl” və “Lokomotiv” kubokun taleyinə aydınlıq gətirib.
Məlum olduğu kimi, istənilən halda sözügedən turnirin baş mükafatının Bakıda qalacağı dəqiq idi. Sadəcə onun iki komandamızdan hansısa qismət olacağı sual doğururdu. İki oyundan ibarət olan həlledici qarşılaşmanın ilk görüşü ötən həftə baş tutmuşdu. Həmin duelə “dəmiryolçular” daha fəal başlasa da, onlar qazandığı ilk setin ardından hər 3 seti məğlub başa vurmuşdular. Nəticədə "Azərreyl" gərgin və maraqlı mübarizəyə səhnə olan qarşılaşmada əzmkar qələbə qazanaraq, cavab görüşü öncəsi üstünlüyə yiyələnmişdi.
Gözlənildiyi kimi, bu komanda cavab görüşündə də eyni uğuru təkrarlamağı bacardı. Düzdü, ikinci setdə qələbə azanan "Lokomotiv" rəqibini müəyyən qədər həyəcanlandırmağı bacarsa da, bundan artığını bacarmadı. Beləcə, "Azərreyl" Azərbaycan prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın da izlədiyi qarşılaşmanı 3:1 başa vuraraq, Çelenc kubokunu başı üzərinə qaldırdı.
Çelenc kuboku
Final (cavab oyunu)
2 aprel
AZƏRREYL – LOKOMOTİV - 3:1 (30:28, 22:25, 25:13, 25:17)
İlk oyun: 3:1
