19 mart 2011 18:48
Rabitə Çempionlar Liqasının finalında! (YENİLƏNİB)
Bu gün İstanbulda qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”na start verilib. Azerisport.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin final mərhələsinə vəsiqə qazanmış Azərbaycan çempionu “Rabitə” İtaliyanın “Skavolini” klubuyla münasibətlərinə aydınlıq gətirib.
Qeyd edək ki, bu rəqib Deyan Brdjoviçin yetirmələrinə yaxşı tanış idi. Axı təmsilçimiz qrup mərhələsində də məhz İtaliya çempionu ilə üz-üzə gəlmişdi. O dövrdə Bakıda 3:1 hesablı qələbəyə sevinən təmsilçimiz səfərdə 2:3 hesabıyla uduzmuşdu. Lakin bu dəfəki görüş daha bir prinsipial və həlledici xarakter daşıdığından, təmsilçimiz görüşə ciddi hazırlaşmışdı. Heyət baxımından heç də zəif olmayan Azərbaycan çempionu indi sadəcə bunu meydanda sübut etməli idi. Gözlənildiyi kimi, voleybolçularımız bu rəqibi üzərində inamlı qələbə qazanaraq, adını finala yazdırdı.
Yeri gəlmişkən vurğulayaq ki, “Rabitə” ÇL-in “Dördlər finalı”na çıxan ikinci klubumuzdu. Vaxtilə “Azərreyl” də belə bir uğura imza atmışdı. Lakin o zaman Azərbaycan çempionu final görüşlərində uduzaraq, 4-cü olmuşdu. Bu dəfə isə “Rabitə”nin daha yaxşı nəticə göstərmək şansı yüksəkdi.
“Dördlər finalı”nın digər yarımfinal cütündə iki Türkiyə təmsilçisinin – “Fenerbahaçe” ilə “Vakıfbank”ın üz-üzə gələcəyini də qeyd edək. Komandamız həlledici görüşdə məhz onlardan biri ilə görüşəcək.
Çempionlar Liqası
Yarımfinal
19 mart
Rabitə - Skavolini - 3:1 (25:23, 25:16, 13:25, 25:14)
