14 yanvar 2011 19:00
Bakı “Dördlər finalı”na ev sahibliyi edə bilməyəcək
Bu gün voleybolçu qadınlar arasında Çempionlar Liqasının “Dördlər finalı”na ev sahibliyi edəcək komandanın kimliyinə aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, Lüksemburqda təşkil olunan Çempionlar Liqasının pley-off mərhələsinin püşkatması mərasimində “Dördlər Finalı”na ev sahibliyi edəcək komandanın da kimliyi müəyyənləşib.
Qeyd edək ki, bu barədə Avropa Voleybol Federasiyasında (CEV) 3 iştirakçı müraciətdə bulunmuşdu. Bunlar Polşanın `Muszyna`, Türkiyənin `Fenerbahçe Acıbadem` və Azərbaycandan `Rabitə` klubları idi. Lakin təmsilçimizin bu istəyi müsbət qarşılanmayıb və CEV həlledici oyunlara ev sahibliyi hüququnu Türkiyə klubuna verib.
Nəticədə qaydalara əsasən `Fenerbahçe Acıbadem` birbaşa “Dördlər finalı”na vəsiqə qazanıb. Qeyd edək ki, həmin oyunlar 19-21 mart tarixləri arasında keçiriləcək.
