Azərbaycan klubu Türkiyənin əfsanəsinə qarşı
Bu gün İstanbulda Avropa Voleybol Konfederasiyasının (AVK) kuboku uğrunda turnirin 1/4 final mərhələsinin cavab qarşılaşması keçiriləcək. Azərbaycanın qadınlardan ibarət “Rabitə” voleybol komandası səfərdə Türkiyənin “Əczaçıbaşı-Zentiva” klubu ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, komandamızın “Dördlər finalı”na vəsiqə qazanması üçün cəmi 1 set götürməsi kifayətdir.
Bakıda keçirilən ilk görüşdə “Rabitə” təcrübəli rəqibinə şans verməyərək, 3:0 hesabı ilə qalib gəlib. Cavab qarşılaşması ərəfəsində proqnozlar nikbindir. Qonaqların baş məşqçisi Cüzeppe Kuçarini də mərhələ adlamağın çətin olacağını bildirib: “Çox çətin vəziyyətə düşmüşük. Belə vəziyyətdən çıxmaq asan olmayacaq. Çünki “Dördlər finalı”na vəsiqə qazanmaq üçün “Rabitə”yə bir setdə qalib gəlmək kifayətdir. Amma inanıram ki, komandam öz oyununu sərgiləyə bilsə, mərhələ adlayan tərəf məhz biz olacağıq”.
Nəzərinizə çatdıraq ki, 0:3-dən başqa istənilən nəticə “Rabitə”ni “Dördlər finalı”na daşıyır. “Quru” hesablı məğlubiyyət təqdirində komandalar daha bir – “qızıl” set oynayacaqlar.
“Rabitəçilər” vəzifənin öhdəsindən gələcəkləri təqdirdə, bu, Azərbaycanın avrokuboklarda üçüncü, AVK kubokunda isə ilk “Dördlər finalı” olacaq. Buna qədər “Azerreyl” 2002-ci ildə Top Komandalar kubokunda, 2004-cü ildə isə Çempionlaq Liqasında ən yaxşı dörd komanda sırasına daxil olub. Birinci halda, Bakıda keçirilən final turnirində “dəmiryolçular” kuboku başı üzərinə qaldırıb.
