24 fevral 2010 21:04
Rabitə lazım olan seti götürdü
Bir neçə dəqiqə əvvəl İstanbulda AVK kubokunun 1/4 finalı mərhələsinin cavab qarşılaşması başa çatıb. Yerli ”Əczaçıbaşı-Zentiva”ya 1:3 (23:25, 17:25, 25:21, 21:25) hesabı ilə məğlub olmasına rəğmən, Azərbaycan təmsilçisi “Rabitə” turnirin “Dördlər finalı”na vəsiqə əldə edib.
Azersiport.az xəbər verir ki, Bakıda keçirilən ilk qarşılaşmada 3:0 hesabı ilə qalib gəldiyindən, cavab görüşündə “rabitəçilər”ə bir set götürmək kifayət idi. Komandamız mərhələnin taleyini 3-cü setdə həll etməyi bacardı, amma buna qədər “əczaçılar” vəziyyəti xeyirlərinə dəyişməyə nail olmuşdular. Meydan sahibləri aşkar üstünlük qazanmasalar da, ilk iki setdə qalib gəlməyi bacardılar. Draqutin Baltiçin yetirmələri rəqibin nisbətən yorulmasından istifadə edərək, 3-cü hissədə iş başına keçdilər. 25:21 hesabı ilə qazanılan qələbə “Rabitə”ni “Dördlər finalı”na aparan yolu açdı. Bundan sonra mübarizənin elə bir əhəmiyyəti qalmadı və 4-cü seti də xeyirlərinə bitirən türkiyəli voleybolçu xanımlar yalnız “Pirr qələbəsi” qazandılar.
Qələbəyə bərabər məğlubiyyət hesabına komandamız adını AVK kubokunda dörd ən güclü kollektiv sırasına yazdı və bununla tarixi nəticəyə imza atdı. Buna qədər Azərbaycan təmsilçisi – “Azərreyl” – Top komandalar kuboku və Çempionlar Liqasında bu mərhələyə qədər gəlib çıxsa da, ölkəmizi AVK kubokunun “Dördlər finalın”da ilk dəfə “Rabitə” təmsil edəcək.
