1 iyun 2016 17:20

Azərbaycan üçün ilkə imza atacaq idmançılar

Olimpiadanın startına təxminən 2 ay vaxt qalıb. Ölkəmiz Rio de Janeyroda keçiriləcək Olimpiya Oyunlarına böyük ümid bəsləyir.

Azerisport.az xəbər verir ki, medalların sayının artacağı istisna olunmur. Bu dəfə bir neçə növdə ilk dəfə Olimpiadada təmsil olunacağıq. Gəlin, həmin növlərdə çıxış edəcək idmançılarımızı tanıyaq və medal şanslarını dəyərləndirək.

Rostislav Pevtsov (triatlon)
Bu idman növü ölkəmizdə 2014-cü ildə yaradılıb. Cəmi 2 il keçməsinə baxmayaraq Olimpiadaya lisenziya əldə olunub. Əlbəttə, bunda təcrübəli Pevtsovun böyük əməyi var. 1987-ci ilin 15 aprelində Xarkovda anadan olan Rostislav 2014-dək Ukraynanın şərəfini qoruyub. 2002-dən triatlonla məşğul olan atlet ilk ciddi uğurunu 9 il sonra əldə edib. O, Türkiyədə keçirilən Avropa çempionatında 3-cü yeri tutub. 2014-də Macarıstanda keçirilən Dünya Kubokunda 2-ci olan Pevtsov ötən il ilk Avropa Oyunlarında bürünc medal qazandı. Dünya reytinqinə əsasən Rio-2016-da iştirak hüququ qazanan Rostislav hazırda yaxşı formadadı. Çünki bu il bir neçə yarışda uğurlu çıxış edib. Bununla belə dünya reytinqində 14-cü pillədə qərarlaşan legionerdən Braziliyada medal gözləmək doğru olmaz. Çünki Olimpiadada onun çox güclü rəqibləri olacaq. Sırf titullara görə baxsaq, britaniyalı Braunli qardaşları ön plana çıxır. Son olimpiya çempionu Alisteyr və qardaşı Conatan Rio de Janeyroda da favoritlər arasında olacaq. İspaniyalı triatlonçular - Mario Mola, Fernando Alarza və Xavyer Noya, eləcə də portuqaliyalı Joao Pereyra ilə rus Dmitri Polyanski də medallara iddia edəcək.

Yure Meqliç (kanoe-slalom)
Ötən Olimpiadada kanoenin sprint növündə debüt etmişdiksə, bu Olimpiya Oyunlarında ilk dəfə slalomda da təmsil olunacağıq. İki il əvvəl “milliləşdirilən” Meqliç buna qədər Sloveniyanın bayrağı altında çıxış edib. 32 yaşlı idmançı 5 dəfə Avropa çempionatında medal qazanıb. Ancaq bunların dördü komanda yarışında əldə olunub. Belə ki, 2006, 2007 və 2011-də Sloveniya yığmasının tərkibində Avropa çempionu olan Yure 2010-da bürünc medal qazanıb. Amma 2010-da həm də fərdi yarışda qitə üçüncüsü olub. Həmin il Meqliçin ən uğurlu ili kimi yadda qalıb. Belə ki, vətənində keçirilən dünya çempionatında fərdi yarışda bürünc medal qazanıb. Legionerimizi Rioda çox ciddi rəqabət gözləyir. Onun həmvətəni Peter Kauzer, alman Hannes Ayqner, amerikalı Mixal Smolen, fransız Sebastyan Kombot, britaniyalı Jozef Klark, slovakiyalı Yakub Qriqar və çexiyalı Jozef Dostal favoritlər sırasındadı. Adıçəkilənlərin əksəriyyətinin gənc olması nisbətən yaşlı Meqliç üçün faydalı olub-olmayacağını 2 aydan sonra biləcəyik.

Oleq Stepko (idman gimnastikası)
İdman gimnastikası Olimpiadada ən çox izlənilən növlərdən sayılır. Ölkəmiz bu növdə iki idmançıyla təmsil olunacaq. 1994-cü ildə Zaporojyedə doğulan Stepko 2010-da Sinqapurda keçirilən yeniyetmələrin Olimpiya Oyunlarında qazandığı uğurla diqqət mərkəzinə düşüb. Həmin yarışda 2 qızıl və 2 gümüş medal qazanan Oleq 3 il sonra böyüklər arasında da sözünü deməyə başlayıb. Kazan Universiadasında 1 “gümüş” və 1 “bürünc” əldə edən gimnast Moskvada keçirilən Avropa çempionatında paralel qollarda üçüncü yeri tutub. 2014-də “milliləşdirilən” ukraynalı idmançı bir il sonra Bakı-2015-də ən çox medal qazanan təmsilçimiz oldu. Stepko Avropa Oyunlarında 1 “qızıl”, 2 “gümüş” və 2 “bürünc”ü hesabına yazdı. Həmin il dünya çempionatında paralel qollarda 3-cü yeri tutdu. 22 yaşlı gimnastın paralel qollarda özünü daha yaxşı göstərdiyini söyləyə bilərik.

Petr Paxnyuk (idman gimnastikası)
Stepkonun həmyerlisi Paxnyuk ondan 3 yaş böyük olsa da, indiyə kimi fərdi yarışlarda ciddi uğura imza atmayıb. Petr Avropa Oyunlarında komanda yarışında bürünc medal qazanıb. Buna qədər isə Kazan Universiadasında Ukrayna yığmasının tərkibində gümüş medala sevinib. Qeyd edək ki, Paxnyuk ölkəmizi dünya çempionatında təmsil edən ilk idman gimnastıdı. Petr iki il əvvəl Çində keçirilən dünya çempionatında 15-ci yeri tutmuşdu.

Legionerlərimizi Olimpiadada ən azı 10 titullu rəqiblə ağır mübarizə gözləyir. Onlardan Vlasios Maras, Eleftherios Petrounias (hər ikisi Yunanıstan), Manrike Larduet (Kuba), Aleksandr Şatilov (İsrail), Filip Ude (Xorvatiya), Anton Fokin (Özbəkistan), Marian Draqulesku (Rumıniya), Ri Se-Qvanq (Şimali Koreya) və Köhey Uçimura (Yaponiya) daha güclüdü.

Olqa Senyuk (oxatma)
Ötən il Avropa Oyunlarında 34-cü yeri tutan Senyuk Danimarkanın paytaxtı Kopenhagendə keçirilən dünya çempionatında heç də pis təsir bağışlamadı. İki rəqibini üstələməyi bacaran Olqanın irəliləməsinə London Olimpiadasının gümüş medalçısı Ayda Roman (Meksika) imkan vermədi. 25 yaşlı idmançımız lisenziyanı bir neçə gün öncə İngiltərənin Nottingem şəhərində keçirilmiş Avropa çempionatında qazanıb. Qitə birinciliyində medallar uğrunda mübarizəni dayandıranlar arasında keçirilmiş yarışda 3-cü yeri tutaraq Olimpiya Oyunlarında bu növdə ölkəmizi təmsil edəcək ilk idmançı ünvanını qazanan Senyukdan Rioda medal gözləmək sadəlövhlük olar. Ayda Romandan başqa, Ki Bo-Bae, Çanq Hye-yin və Çoy Mi-sun (hamısı Cənubi Koreya) çempionluğa iddialıdı. Medalların məhz bu oxatanlar arasında bölüşdürüləcəyi gözlənilir. Maraqlıdı ki, İran 2012-də paralimpiya çempionu olmuş Zəhra Nemətini bu dəfə olimpiyaçı kimi Rioya yollayır.

İnna Osipenko-Radomska (kayak)
Yuxarıda qeyd etdiyimiz idmançılar arasında medala ən yaxını ölkəmizi ilk dəfə Olimpiadada kayak yarışında təmsil edəcək İnna Osipenko-Radomskadı. O, 2014-cü ilə qədər Ukraynanın şərəfini qoruyub və çoxlu medal qazanıb. Əsasən 200 və 500 metr məsafəyə yürüşlərdə çıxış edən İnna Afina-2004-də bürünc, Pekin-2008-də qızıl, London-2012-də isə 2 gümüş medal qazanıb. Radomskanın medal kolleksiyasında dünya çempionatlarında əldə etdiyi 6 medal da var. O, mundiallarda 1 “qızıl”, 2 “gümüş” və 3 “bürünc” əldə edib. Maraqlıdı ki, kayakçı cəmi 1 dəfə Avropa çempionatında fərqlənib. 2011-də Serbiyanın paytaxtı Belqradda keçirilən qitə birinciliyində 500 metr məsafəyə yürüşdə Avropa 2-cisi olub.
 34 yaşı olmasına baxmayaraq, formada qalmağı bacaran Radomska son 2 Dünya Kubokunda uğurlu çıxış edib. Olimpiadada 200 və 500 metr məsafəyə yürüşlərdə iştirak edəcək İnnanın ən asas rəqibi britaniyalı Liza Karrinqton olacaq. İspan Teresa Portela, polşalı Marta Valçikeviç, serb Nikolina Moldovan, sloveniyalı Spela Yaniç və kanadalı Emili Furnel də təmsilçimizə medal yolunda əngəl ola bilər.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Похожие новости

Rio-2016 25 sentyabr

Rəsul Çunayev: Rioda bəzi insanlar mənim psixoloji durumumu korladı

Olimpiadada bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamızın üzvü Rəsul Çunayevin azerisport.az saytına müsahibəsi:
Rio-2016 23 sentyabr

İlham Əliyev Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.
Rio-2016 23 sentyabr

Paralimpiya yığmamız Bakıda təntənə ilə qarşılandı

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları sentyabrın 22-də Vətənə qayıdıblar
Rio-2016 21 sentyabr

İlham Əliyev Paralimpiya komandamızın üzvlərini mükafatlandırdı

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Rio-2016 19 sentyabr

Azərbaycan Paralimpiadada 48-ci yeri tutdu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları başa çatıb.
Rio-2016 18 sentyabr

Dmitri Saleydən ikinci gümüş medal

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Samir Nəbiyev 7-ci oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Dmitri Saley finalda sonuncu oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Rəfiyev medalın bir addımlığında dayandı

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.