5 dekabr 2012 01:52
Azərbaycan təmsilçiləri DÇ-də üç medal qazanıblar
Fransanın paytaxtı Parisdə karate üzrə 21-ci dünya çempionatı keçirilib. Azerisport.az xəbər verir ki, turnirdə 113 ölkədən mindən çox idmançı birincilik uğrunda mübarizə aparıb.
Azərbaycan karateçiləri yarışda 2 gümüş və 1 bürünc medal qazanıblar. Ümumi komanda hesabında yığmamız 113 ölkə arasında 8-ci yeri tutub.
Dəfələrlə Avropa və dünya çempionatlarında müvəffəqiyyətlə çıxış etmiş idmançımız Rafael Ağayev gümüş medala sahib olub.
2010-cu ildə keçirilmiş dünya çempionatında bürünc medal qazanmış Şahin Atamov bu dəfə nəticəsini yaxşılaşdırın. İdmançımız finalda türkiyəli rəqibinə məğlub olaraq komandamıza ikinci gümüş medalı qazandırıb. Gənclər arasında keçirilən yarışlarda Avropa və dünya çempionu olmuş idmançımız Ayxan Mamayev bu il ilk dəfə böyüklər arasında gücünü sınamış və çempionatı üçüncü pillədə başa vurub.
