Sərbəst və yunan-Roma güləşçilərimiz Avropa Millətlər Kubokunda mübarizəyə başlayır
Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri davam edir. Azerisport.az xəbər verir ki, komanda yarışı xarakterli turnirdə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Belarus, Macarıstan, Bolqarıstan, İsveç yığmaları iştirak edir.
Reqlamentə əsasən, komandalar iki yarımqrupda yarışıb. Püşkatmanın nəticələrinə əsasən, sərbəst güləş üzrə yığmamız Türkiyə ilə eyni yarımqrupda mübarizə aparır. Digər yarımqrupda Rusiya, Belarus və Ukrayna güləşçiləri yarışır. Yunan-Roma güləçilərimiz isə, Rusiya və Bolqarıstanla eyni yarımqrupdadı. Türkiyə, Ukrayna və Macarıstan güləşçiləri isə digər yarımqrupda mübarizə aparır. Yarımqrupu birinci yerdə başa vuran komandalar finalda qarşılaşacaq.
Sərbəst güləş yığmamız Moskvada baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında çıxış edir. Yığmanın heyətində Mahmud Məhəmmədov, Mircəlal Həsənzadə (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Nurməhəmməd Hacıyev, Aleksandr Qostiyev (hər ikisi 86 kq), Aslanbek Alborov (97 kq) və Aslan Dzebişov (125 kq) yer alıb.
Baş məşqçi Cəmşid Xeyrabadi və məşqçi Akif Əliyevin rəhbərliyi altında mübarizə aparan yunan-Roma güləşi yığmasının heyətinə 10 güləşçinin adı daxil edilib. Yunan-Roma güləşi yarışlarında ölkəmizi Rövşən Bayramov, Elman Muxtarov (hər ikisi 59 kq), Kamran Məmmədov (66 kq), Azad Əliyev (71 kq), Rüstəm Əliyev (75 kq), Elvin Mürsəliyev (80 kq), Rafiq Hüseynov, Şəhriyar Məmmədov (hər ikisi 85 kq), Araz Həsənov (98 kq) və Sabah Şəriəti (130 kq) təmsil edir.
