Millimiz böyüklər arasında DÇ üçün heyətini açıqladı
8-14 sentyabr 2014-cü il tarixdə Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə Dünya çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, çempionatda hər üç güləş növü üzrə yığma komandamız iştirak edəcək.
Bu gün Olimpiya Güləş Mərkəzində Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, FİLA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyevin iştirakı ilə çempionatda iştirak edəcək komandaların heyəti açıqlanıb.
Sərbəst güləşçilərin heyətində Əhmədnəbi Qvarzatilov (57 kq), Hacı Əliyev (61 kq), Məhəmməd Müslümov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Əşrəf Əliyev (74 kq), Həmzət Osmanov (86 kq), Xetaq Qazyumov (97 kq) və Aslan Dzebişov (125 kq) yer alıb. Yığma komanda çempionatda baş məşqçi Maqomed Aliomarov, böyük məşqçi Firdovsi Umudov, məşqçilər Semyon Çterev və David Kurtsiyanın rəhbərliyi altında iştirak edəcək.
Baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında qadın güləşi yığmamızı Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Raqnetta Qurbanzadə (63 kq) və Nadya Sementsova (69 kq) təmsil edəcək.
Yunan-Roma güləşçiləri baş məşqçi Cəmşid Xeyrabadi və məşqçi Eyyub Azmudənin rəhbərliyi altında çempionatda iştirak edəcək. Heyətdə Taleh Məmmədov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Emin Əhmədov (80 kq), Saman Təhmasibi (85 kq), Şalva Qadabadze (98 kq) və Sabah Şəriəti (130 kq) yer alıb.
Görüşlərin idarə edilməsində ölkəmizi Olimpiya dərəcəli hakim Hicran Şərifov və beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edəcək. (AGF)
