Olimpiadada 1 qızıl, 1 gümüş medal!
25-27 avqust 2014-cü il tarixdə yeniyetmələrin II Yay Olimpiya Oyunlarında güləş yarışları keçiriləcək. Azerisport.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparıb.
Güləş yarışları dairəvi sistem üzrə keçirilir. Güləşçilər hər çəki dərəcəsində 2 yarımqrupda mübarizə aparıb. Yarımqrup birinciləri finalda, ikinciləri isə bürünc medal uğrunda yarışıb. İlk gün mübarizə aparan hər iki güləşçimiz finala qədər maneəsiz irəliləyib. Güləşçilərimiz günü 1 qızıl və 1 gümüş medalla başa vurub.
50 kq çəki dərəcəsində təmsilçimiz Cabbar Nəcəfov B yarımqrupunda mübarizə aparıb. Moldova, İran və Türkiyə güləşçiləri üzərində qazanılan inamlı qələbələr güləşçimizi finala yüksəldib. Finalda Cabbar Özbəkistan təmsilçisi ilə qarşılaşıb. Gərgin keçən görüş rəqibin xeyrinə başa çatıb, güləşçimiz gümüş medalla kifayətlənib.
1-ci dövrə - Uğur Beytekin (TUR) - Cabbar Nəcəfov 0:10
2-ci dövrə - Mohamedrza Ağaniaçarı (İRİ)- Cabbar Nəcəfov 5:9
3-cü dövrə - Dorin Cojocari (MDA) - Cabbar Nəcəfov 0:8
FİNAL - Cabbar Nəcəfov - İlxom Baxromov (UZB) 5:6
69 kq çəki dərəcəsində mübarizə aparan İslambek Dadov isə, A yarımqrupunda mübarizə aparıb. Final yolunda güləşçimiz Misir, Qazaxstan və Özbəkistandan olan rəqiblərini məğlub edib. Həlledici görüşdə güləşçimizin rəqibi ABŞ idmançısı olub. Minimal hesablı qələbə qazanan güləşçimiz qızıl medal qazanıb və Olimpiya çempionu olub.
1-ci dövrə - İslambek Dadov - Abubakr Alimov (UZB) 5:0
2-ci dövrə - İbrahim Omar (EGY) - İslambek Dadov 0:5
3-cü dövrə - Yevgeniy Polivadov (KAZ) - İslambek Dadov 0:2
FİNAL - İslambek Dadov - Mason Manville (USA) 1:0
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edir.
Xatırladaq ki, 2010-cu ildə ilk dəfə keçirilən yeniyetmələrin Olimpiya Oyunlarında yunan-Roma güləşçilərimiz 2 qızıl medal qazanmışdı. Murad Bazarov (42 kq) və Elman Muxtarov (50 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşmışdı.
