Hacı Əliyev: Qələbəmi ailəmə və Azərbaycan xalqına həsr edirəm
Finlandiyada keçirilən güləş üzrə Avropa Çempionatında qızıl medal qazanan Azərbaycan yığmasının üzvü Hacı Əliyev (65 kq) bu uğuruna münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Mən bu uğuru qazanmaq üçün uzun bir yol keçmişəm. Şadam ki, qalib gəldim. Finala qədər bütün döyüşlərim çətin keçdi. Amma final görüşünün daha gərgin keçdiyini etiraf etməliyəm. Rusiyalı idmançı güclü güləşçidi. Necə də olmasa, dünya çempionu idi. Amma mən çox yaxşı hazırlaşmışdım. Bunun da nəticəsində istəyimə nail oldum. Məşqçilərimə, federasiya rəhbərliyinə də təşəkkürümü bildirirəm".
Əliyev Toğrul Əsgərovla Xetaq Qazyumovun qızıl medal qazana bilməməsindən də danışıb: "Fikrimcə, Toğrul hazır deyildi. Xetaqda isə alınmadı. Mən isə qələbə qazanmaq üçün bütün gücümü qoydum. Bilirdim ki, bu, hazırkı AÇ-də üçüncü Azərbaycan - Rusiya finalıdı. İki dəfə uduzmuşduq. Bu dəfə qələbə qazanmaq lazım idi. Şadam ki, revanş ala bildik. İndi qarşıda bu uğuru dünya çempionatında və Bakıdakı Avropa oyunlarında da davam etdirməliyəm. Bu qələbəmi isə Azərbaycan xalqına və ailəmə həsr edirəm".
