Vehbi Emrenin xatirə turnirində ilk gün: 1 qızıl, 2 bürünc medal
İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunmuş 32-ci beynəlxalq turnir start götürüb. Azerisport.az xəbər verir ki, Ahmet Cömert Spor Salonunda keçirilən turnirdə yunan-Roma güləşi üzrə yığma komandamızla bərabər, Türkiyə, Qazaxstan, Ukrayna, Rusiya, Belarus, Bolqarıstan, Gürcüstan, Moldova, Litva, Özbəkistan, İran, Livan, Rumıniya və Qırğızıstandan olan güləşçilər də mübarizə aparır.
Turnirdən öncə hakimlər və məşqçilər üçün seminar keçirilib və iştirakçılara yeni güləş qaydaları barədə FİLA-nın təlimatı çatdırılıb.
Turnirin ilk günündə Eldəniz Əzizli (59 kq), Rəsul Çunayev, Rüstəm Əliyev (hər ikisi 71 kq), Emin Əhmədov (80 kq) və Saman Təhmasibi (98 kq) mübarizəyə qoşulub.
Rəsul Çunayev (71 kq) finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq Türkiyənin 3 güləşçisini tam üstünlüklə məğlub edən təmsilçimiz finalda gürcü rəqibi ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmanı üstün tamamlayan Rəsul Çunayev turnirin qızıl medalına sahib olub.
71 kq-da mübarizə aparan digər güləşçimiz Rüstəm Əliyev gürcü və rumın rəqiblərindən üstün olsa da, yarımfinalda digər gürcü idmançıya uduzub. Bürünc medal uğrunda görüşdə Rüstəm Vasif Arzumanovu (TUR) məğlub edib və bürünc medala sahib olub.
98 kq çəkidə Saman Təhmasibi gürcü və bolqar rəqiblərini üstələsə də, yarımfinalda türk güləşçisinə minimal hesabla uduzub. Bürünc medal uğrunda güləşçimizin rəqibi daha bir Türkiyə təmsilçisi olub. Həlledici görüşdə rəqibinə şans verməyən Saman Təhmasibi turnirin bürünc medalını qazanıb.
59 kq
1/16 final - Eldəniz Əzizli - K.Jolçubekov (KGZ) 0-7
71 kq
1/8 final - Rüstəm Əliyev - Giorgi Javaxia (GEO) 6-0
1/8 final - Rəsul Çunayev - Yunus Özel (TUR) 8-0
1/4 final - Muhammet Kocatinaz (TUR) - Rəsul Çunayev 0-8
1/4 final - Tomi Hinoveanu (ROU) - Rüstəm Əliyev 1-1*
1/2 final - Mindia Tsukulidze (GEO) - Rüstəm Əliyev 5-1
1/2 final - Rəsul Çunayev - Refik Ayvazoğlu (TUR) (təmiz qələbə, tuşe)
FİNAL - Mindia Tsukulidze (GEO) - Rəsul Çunayev 0-2
Bürünc medal görüşü - Vasif Arzumanov (TUR) - Rüstəm Əliyev 1-3
80 kq
1/8 final - Emin Əhmədov - Daniel Aleksandrov (BUL) 1-10
98 kq
1/8 final - Saman Təhmasibi - Mixeil Kajaia (GEO) 7-0
1/4 final - Saman Təhmasibi - İvan İvanov (BUL) 8-0
1/2 final - Saman Təhmasibi - Cenk İldem (TUR) 0-1
Bürünc medal görüşü - Doğan Yılmaz (TUR) - Saman Təhmasibi 0-4
Final görüşləri Bakı vaxtı ilə 19.00-da başlayacaq və TRT-spordan canlı yayımlanacaq.
(AGF)
