Müşfiq İsayevin xatirəsinə həsr edilmiş beynəlxalq turnir keçiriləcək
18 yanvar 2014-cü il tarixdə Bakıda Müşfiq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında sayca 17-ci beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, turnir 20 yanvar şəhidi Müşfiq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, sərbəst güləşin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.
FILA-nın mövcud qaydalarına əsasən 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq-a qədər çəki dərəcələri üzrə keçiriləcək yarışlarda Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Gürcüstan, İran, Qazaxıstan və Özbəkistandan olan güləşçilər də mübarizə aparacaq.
Turnirdə müvafiq çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək.
Yarış 18 yanvar 2014-cü il tarixdə “Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək.
(AGF)

