25 noyabr 2013 14:12
“Kiçik qardaş kimi, Şərifin xətrinə dəymək istəmirdim”
22-24 noyabrda "Sərhədçi" Olimpiya İdman Kompleksində ümummili lider Heydər Əliyevin xatirəsinə güləşçilər arasında FİLA “Qızıl qran-pri”sinin final mərhələsi keçirilib. Azerisport.az xəbər verir ki, adı çəkilən mötəbər yarışda əksər titullu bahadırlarımız iştirak ediblər. Bu üzdən, idman həvəskarları həlledici raundu maraqla izləyiblər.
Ən diqqət çəkən məqam sərbəst güləşdə 96 kq çəkidə 2 lider pəhləvan - dünya çempionu və 2-qat gümüş medalçısı, olimpiadanın 2-qat bürünc mükafatçısı Hetaq Qazyumov ilə dünya çempionu, London oyunlarının qalibi Şərif Şərifov arasında finna görüşü idi. Bu tutaşmanı idman ictimaiyəti mövsümün finalı adlandırmışdı. Ehtimallar özünü doğrultdu: tamaşaçılar gərgin və güzəştsiz rəqabətin şahidi oldular; sonda isə, şübhəsiz, təcrübə qalib gəldi.
Yarışdan sonra Hetaq Qazyumov saytımızın əməkdaşına özəl açıqlama verdi. Çempion, adəti üzrə sadə və təvazökar idi: “Bu görüşün çətin və gərgin keçəcəyini əvvəlcədən bilirdim. Qalib gəlmək üçün, bütün gücümü ortaya qoymalı oldum. Şəriflə mübarizədə 7:0 qalib gəldim. Amma bu nəticə onu deməyə əsas vermir ki, onu asanlıqla üstələdim. Rəqibim psixoloji və fiziki baxımdan dayanıqlılıq nümayiş etdirdi. Ona həm insan, həm də idmançı kimi hörmətlə yanaşıram. Belə bir pəhləvanla güləşməkdən məmnun idim. Kiçik qardaş kimi, onun xətrinə dəymək istəmirdim (gülümsəyir). Ancaq nə etmək olar? Bu həyatdı, mübarizədi”.
“Qızıl qran-pri”nin qızıl medalçısı komanda yoldaşına uğular arzulayıb. Deyib ki, Şərifin öz üzərində daha çox işləyib, yeni çəkisində yüksək nəticələr qazanacağına inanır: “Rəqibim London olimpiadasından sonra heç bir beynəlxalq yarışda iştirak etməmişdi. Bir müddət istirahətdə idi. Üstəlik, çəkisini dəyişmişdi”.
