9 noyabr 2013 17:25
Toğrul Əsgərov: Haqqımda gəzən söz-söhbət yalandı
“Hər şey qaydasındadı. Xeyli vaxtdır məşq edirəm. Haqqımda müxtəli söz-söhbət gəzir. Guya çalışmaları ara vermişəm. Hamısı yalandı”.
Bunu azerisport.az saytına özəl açıqlamasında sərbəst güləş üzrə milli komandamızın lideri Toğrul Əsgərov (60 kq) deyib. Olimpiya çempionunu sözünə görə, onun qarşıda qazanacağı hələ çox uğur var:
“Ayın sonunda Bakıda FİLA-nın ənənəvi “Qızıl qran-pri” turnir keçiriləcək. Məşqçilər korpusu bu yarışda iştirakımı məqsədəuyğun saymayırlar. Amma dekabrda təşkil olunacaq ölkə çempionatında mütləq mübarizə aparacağam.
Gələn mövsümlə də bağlı bəzi planlar indidən məlumdur. Yanvarda Türkiyədə bu dövlətin tanınmış güləşçisi Yaşar doğunun xatirəsinə beynəlxalq yarışda iştirak edəcəyəm. Sonra Avropa çempionatında qüvvəmi sınayacağam”.
Gənc bahadır bu gün qeyd olunan Dövlət Bayraq Günü ilə də bağlı danışıb. Bildirib ki, Bayraq meydanında olanda, London-2012-də olan hissləri bir daha burada yaşayıb:
“Çox gözəl Bayraq meydanımız var. Muzeydə də oldum. İlk dəfə burada idim. Çox möhtəşəmdi. Burada olan bayraqlı gördükcə, London olimpiadasında qazandığım çempionluq sevincini bir daha yaşadım.
Axı, o zaman da qalib olarkən, bayrağımızı əlimə alıb yelləyərək, böyük məşqçi Firdovsi Umudovla bərabər güləş xalçası boyunca fəxri dövrə vurdum. Həmin gözəl anları mənə bir daha yaşaqdıqları üçün, federasiyamıza təşəkkürümü bildirirəm”.
